SİZİN REKLAM BURADA!
055 213 76 73



“Xalq artisti Amaliya Pənahovanın vəfatı bizim üçün ağır itki oldu. Biz onu çox sevirik. O, bizim üçün ana kimi idi”.


Bu barədə əməkdar artist Hüsniyyə Mürvətova BAKU.WS-ə açıqlamasında bildirib. Onun sözlərinə görə, Amaliya Pənahova sabah “Qurd qapısı” qəbiristanlığında dəfn ediləcək.


“Hökumət xalq artistinin Fəxri Xiyabanda dəfn edilməsini tövsiyyə etmişdi. Lakin Amaliya Pənahova həyat yoldaşı Yusifin müəllimin yanında dəfn edilməsini vəsiyyət edib. Bu səbəbdən də, Amaliya Pənahova “Qurd qapısı” qəbiristanlığında dəfn olunacaq”, - deyə Hüsniyyə Mürvətova bildirib.


Sənətçinin nəşi Təzə Pir məscidində yuyulub və kəfənlənib. Burada yaxınları və qohumları onunla vidalaşır. Xalq artisti ilə vida mərasimi isə 9 noyabr tarixində saat 11:00-dan Akademik Milli Dram Teatrında keçiriləcək.


Milli Onkologiya Mərkəzinin baş həkimi Azad Kərimli "sputnik Azərbaycan"a açıqlamasında A.Pənahovanın onkoloji xəstəlikdən əziyyət çəkdiyini və uzun zamandır müalicə olunduğunu təsdiqləyib. Ancaq o, məsələ barədə geniş danışmaq istəmədiyini bildirib:


"Amaliya xanımın qızı anasının xəstəliyi barədə məlumat yayılmasını istəmir. Bu səbəbdən ətraflı məlumat verə bilməyəcəm. Allah rəhmət eləsin".


Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Xalq artistinin ölümü ilə bağlı Təcili Tibbi Yardım Xidmətinə çağırış daxil olmayıb. Bu hal da o ehtimalı yaradır ki, A.Pənahova müalicə aldığı xəstəxanada — Milli Onkologiya Mərkəzində vəfat edib.


Qeyd edək ki, xalq artisti 73 yaşında xərçəng xəstəliyindən vəfat edib.


Amaliya Pənahova 1945-ci ildə anadan olub. O, Azərbaycan teatr və kino aktrisası, televiziya rejissoru, Azərbaycan Respublikasının Xalq artisti, Azərbaycan SSR Dövlət Mükafatı laureatı, sənətşünaslıq doktoru, professor, 2000-2005-ci illərdə Azərbaycan Respublikası Milli Məclisinin millət vəkili, Bakı Bələdiyyə teatrının bədii rəhbəri və direktoru, Avropanın əməkdar elm və mədəniyyət xadimi olub.


Ziya SƏCCAD
BAKU.WS