SİZİN REKLAM BURADA!
055 213 76 73



"Təhsilin inkişafı və təhsildə müasir metodların tətbiq edilməsi prioritet məsələlərdən biridir. Təhsil sisteminin maddi-texniki bazası möhkəmlənir. Son 15 il ərzində 3000-dən çox məktəb tikilib və təmir edilib".

Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 25-də Heydər Əliyev Mərkəzində “Yeni dünya və yeni insan formalaşdıraq: yaradıcılıq və insan inkişafı” mövzusunda keçirilən VI Bakı Beynəlxalq Humanitar Forumunun açılışında çıxışı zamanı bildirib.

"Deməliyəm ki, Azərbaycanda cəmi 4500-dən bir qədər çox məktəb var, onların əksər hissəsi ən yüksək standartlar səviyyəsində qurulub. Eyni zamanda, müəllim peşəsinə maraq da çox böyük dərəcədə artır. Aparılan islahatlar, o cümlədən maaşların əhəmiyyətli dərəcədə artırılması, məktəblərin təmiri və digər stimullaşdırıcı addımlar nəticəsində müəllim olmaq istəyənlərin sayı dəfələrlə artıb və bu il biz bunu əyani şəkildə görmüşük. Test imtahanlarında yüksək ballar toplayan abituriyentlər arasında müəllim olmaq istəyənlərin sayı bir neçə dəfə artıbdır. Yəni, bu, onu göstərir ki, humanitar sahənin əsas hissələrindən biri olan təhsil sahəsinə çox böyük diqqət göstərilir və gözəl nəticələr vardır", - dövlət başçısı qeyd edib.

Prezident İlham Əliyev deyib ki, ölkəmizin hər bir yerində müasir tibb mərkəzləri yaradılıbdır: "Son 15 il ərzində 650-dən çox tibb müəssisəsi yenidən qurulub, əsaslı təmir edilib və tikilib. Hər il 5 milyondan çox insan dövlət hesabına pulsuz tibbi müayinədən keçir. Yəni, bunlar humanitar sahənin çox önəmli hissələridir və bundan sonra da bu istiqamətlər üzrə ardıcıl siyasət aparılacaq".

"Mən idman yarışlarını qeyd etdim. Amma onu da bildirməliyəm ki, idman sahəsində də böyük uğurlar əldə edilib. İdmanın maddi-texniki bazası qurulub. Təkcə Bakıda deyil, Azərbaycanın digər şəhərlərində 45 müasir Olimpiya İdman Mərkəzi yaradılıb. Son Olimpiya Oyunlarında - Rio-de-Janeyroda keçirilmiş Olimpiadada medalların sayına görə Azərbaycan dünya miqyasında 14-cü yerə layiq görülüb.

Biz ardıcıl siyasət aparmaqla həm iqtisadi islahatları dərinləşdiririk, həm də sosial sahədə lazım olan addımları atırıq. Ölkəmizdə yüksək texnologiyalara çox böyük diqqət göstərilir, bu yaxınlarda üçüncü peykimiz orbitə buraxıldı. Azərbaycan artıq neçə ildir ki, dünyanın məhdud sayda olan kosmik klubunun üzvüdür və 3 peykimiz var. Əlbəttə ki, bu, həm texnoloji inkişafdır, həm təhsildir, həm də biznes imkanlarını yaradır. Biz bu gün peyk xidmətlərini ixrac etməklə ölkəmizdə ixracı da şaxələndiririk", - dövlət başçısı vurğulayıb.

Prezident İlham Əliyev bildirib ki, “ASAN xidmət” mərkəzlərinin yaradılması sosial və humanitar sahədə çox önəmli təşəbbüsdür: "Əgər qonaqlarda imkan olarsa, onlar Bakı şəhərində fəaliyyət göstərən beş mərkəzdən birinə baş çəkə bilərlər. Görə bilərlər ki, doğrudan da Azərbaycan texnologiyaları əsasında, sırf Azərbaycanın intellektual məhsulu olan “ASAN xidmət” necə fəaliyyət göstərir. Bu il bu mərkəzlərin sayı 15-ə çatdırılacaq, beşi Bakıda, 10-u bölgələrdə. Bu mərkəzlərdə bir binada 300-dən çox xidmət göstərilir və vətəndaşların “ASAN xidmət”i bəyənmə əmsalı 100 faizə yaxındır. Bu, ictimai xidmətlər sahəsində bir inqilab olmuşdur. İctimai xidmətlər sahəsinə xas olan bürokratiya, süründürməçilik, korrupsiya, rüşvətxorluq hallarına tamamilə son qoyulubdur. Bir neçə il ərzində “ASAN xidmət” mərkəzlərinə 24 milyondan çox müraciət olmuşdur və onların mütləq əksəriyyəti təmin edilmişdir.

Mən Azərbaycan haqqında çox danışa bilərəm, - çünki qonaqların bir hissəsi ilk dəfədir ki, ölkəmizə gəlib, - sadəcə olaraq, çıxışımın yekununda bir məsələni də diqqətinizə çatdırmaq istəyirəm. Bu məsələ həm humanitar əməkdaşlığı dərinləşdirir, həm də qarşılıqlı maraqları təmin edir. Hesab edirəm ki, humanitar əməkdaşlıq deyəndə biz mütləq bunun gözəl nəticələrini görməliyik və bilməliyik ki, bu, nəyə gətirib çıxaracaqdır".

Dövlət başçısı deyib ki, Azərbaycanın coğrafi vəziyyəti əlverişlidir, ancaq müasir infrastruktur olmadan bu coğrafi vəziyyətin heç bir əhəmiyyəti yoxdur: "Digər tərəfdən, Azərbaycanın açıq dənizlərə, okeanlara çıxışı yoxdur. Ona görə bizim bütün nəqliyyat, enerji, kommunikasiya xətlərimiz başqa ölkələrin ərazisindən keçməlidir. Əlbəttə, qeyd etdiyim kimi, buna nail olmaq üçün mütləq, ilk növbədə, qonşu dövlətlərlə və daha böyük coğrafiyanı əhatə edən ölkələrlə çox sıx dostluq münasibətləri olmalıdır və bunlar da var. Biz bir neçə il bundan əvvəl nəqliyyat sahəsində qarşıya vəzifə qoymuşduq ki, Azərbaycan nəinki bu bölgədə, dünya miqyasında güclü nəqliyyat mərkəzinə çevrilsin. Bu məqsədə doğru ardıcıl olaraq getməyə başlanmışdır və bu gün tam əminliklə deyə bilərəm ki, biz buna nail ola bilmişik. Ölkəmizdə çox müasir nəqliyyat infrastrukturu yaradılıb, 6 beynəlxalq hava limanı, Azərbaycanı bütün qonşu ölkələrlə bağlayan və ölkəmizin əsas hissəsini əhatə edən dəmir yolları, son 15 ildə salınmış 15 min kilometrdən çox avtomobil yolları, Xəzər hövzəsində 200–dən çox gəmisi olan ən böyük ticarət donanması. Yəni, bütün bunlar böyük vəsait tələb edən layihələrdir və onlar həll olunub.

Nəhayət, Xəzər dənizinin önəmli, yeni ticarət limanının bu il istifadəyə verilməsi bu işləri tamamlayıb. Bu gün Şərq-Qərb, Şimal-Cənub nəqliyyat dəhlizləri Azərbaycan ərazisindən keçir. Şimal-Cənub nəqliyyat dəhlizinin fəaliyyəti daha da genişlənib. Keçən illə müqayisədə bu il bu dəhliz vasitəsilə 100 dəfədən çox həcmdə yük daşınıbdır. Bu, hələ başlanğıcdır. Bu gün bu önəmli iki istiqamətə digər istiqamətlərdən qoşulma halları müşahidə olunur. Biz bu gün artıq Cənub-Qərb nəqliyyat dəhlizini təmin edirik və Şərq-Qərb nəqliyyat dəhlizi də Azərbaycan ərazisindən keçir. Bütün bu nəqliyyat, infrastruktur layihələrində iştirak edən yeganə ölkə Azərbaycandır. Bu nəqliyyat bağlılığı, eyni zamanda, mehriban qonşuluğa da gözəl şərait yaradır. Heç bir ölkə, əgər qonşularla yaxşı münasibətləri yoxdursa, heç vaxt etibarlı tranzit məntəqəsinə çevrilə bilməz. Ona görə, bizim enerji, nəqliyyat, infrastruktur layihələrimiz ölkələr arasındakı əməkdaşlığı stimullaşdırır. Ölkələr arasındakı əməkdaşlığı dərinləşdirmək üçün xüsusilə qonşu ölkələrlə, ənənəvi dost ölkələrlə münasibətlərdə mütləq humanitar sahəyə böyük önəm verilməlidir. Bu olmasa, bütün başqa sahələrdə də problemlər yaşana bilər".

BAKU.WS