SİZİN REKLAM BURADA!
055 213 76 73



BAKU.WS-in budəfəki müsahibi İTV-nin tanınmış aparıcısı Ramiz İdrisoğludur.  

-Özünüzü oxucularımıza necə təqdim edərdiniz?

-Elə sadəcə aparıcı Ramiz İdrisoğlu.

-İdrisoğlu… Soyadınızla deyil, atanızın adı ilə tanınırsınız…

-Televiziyaya peşəkar diktor Rafiq Hüseynov məktəbi ilə tanışlıqla başlamaq və onun tələbələri sırasına qoşulmaq çox qürürvericidir. Ruhu hər zaman bizdən şad olsun. Məni dinlədi və dedi ki, siz hazırsınız, qalıb efirə çıxmaq. Qalanını canlı efirdə öyrənəcəksən. Soyadım Həsənovu dəyişməklə bağlı bir neçə versiya olsa da, İdrisioğlu kimi təqdim etmək qərarına gəldik. Məqsəd soyad sonluğu “ov”dan qaçmaq idi. Həsənli də edə bilərdik, amma bir neçə həmkarım bu soyadla efirə çıxırdı. Bənzərlik olsun istəmədik, İdrisoğlu etdik.


-Məktəb, Universitet illərinizdən yaddaşınızda daha yaxşı nə qalıb?

-M.Müşfiq adına 18 nömrəli tam orta məktəbi bitirmişəm. Saf, maraqlı illər idi. Müxtəlif tədbirlərdə aparıcılıq, sosial işlər və intelektual yarışlarda iştirakla yadda qalıb. Bizim məktəb ilk musiqili zəngə keçən təhsil ocaqlarındandır. Təlim-tərbiyə işləri üzrə direktorun müavini Bəsti müəllimin mənə etimadı ilə məktəb radiosu yaratdım, divar qəzeti yayımladım. Aparıcısı olduğum radiomuz canlı şəkildə hər zəng arası musiqi və maraqlı söhbət yayımlayırdı. Təəssüf ki, mən oranı bitirdikdən sonra bu işi davam etdirən olmadı. Sonra Bakı Dövlət Universitetinin Tarix fakültəsinə daxil oldum. Əslində, jurnalistikaya istəsəm də kodlaşmada tarixi birinci yazmışdım. Peşman deyiləm. Tarixçi olmaq həm də gözəl natiq deməkdir. Tale belə gətirdi ki, I kursun sonunda Zaur adlı tələbə dostum universitetin böyük tədbirlərinə aparıcılıq etmək və şeirlər demək üçün gənclər axtarıldığını dedi. Ona dəstək olmağımı istədi. Getdik. Mənim uşaqlıqdan məktəb tədbirlərində aparıcılıq etdiyimi isə o bilmirdi. Seçim vaxtı Zaur mənə dedi ki, bir sən də özünü sına, bəlkə alınar. Onun bu sözlərini təsadüfən münsiflərdən biri eşidib mənim səhnəyə qalxmağımı istədi. Nəticədə mən seçildim. Amma təəssüflər olsun ki, Zaur müsabiqədən keçmədi.


İkinci təhsilim musiqi üzrədir. V.Mustafazadə adına 2 saylı Uşaq İncəsənət Məktəbindən pianoçu kimi başladım. Məcbur başlamalı oldum. Çünki evdəki cehiz pianonun susqun qalması anama acıq gəlirdi. Amma nə yaxşı da getdim musiqiyə. 7 illik məktəbi 5 ilə bitirdim. Son sinifdə oxuyanda bəstəkarlıq qabiliyyətim üzə çıxdı. Müəllimlərim musiqiyə sevgi yarandığını görüb tədbir və festivallarda solo, həmçinin ansambl şəklində çıxış etməyimi istədilər. “Qönçə” festivalında çıxışıma hazırlıq zamanı münsif Nilufər xanım Tabasaranskaya ifamı və bəzi keyfiyyətlərimi çox bəyəndi. Dedi ki, musiqini davam etdirin, peşman olmazsınız. Beləcə imtahan verib 35 nömrəli 11 illik musiqi məktəbinin 8-ci sinfinə daxil oldum. Buranın 11-ci sinfində oxuyanda artıq I kurs tələbəsi idim.

BDU-nu bitirəndən sonra hamı magistraturaya hazırlaşanda, mən hərbi xidmətə getmək haqqında düşünürdüm. Bu səbəbdən heç nə təkrar etmədən imtahan verdim və 1 balla kəsilib hərbiyə yollandım. Magistr üzrə yenidən imtahan verib Naxçıvan Dövlət Universitetinin Beynəlxalq Əlaqələrin Tarixi fakültəsinə daxil olanda isə artıq 3 il idi Azərbaycan Televiziyasında işləyirdim. 2 il həm təhsil aldım, həm də işlədim. Elə olurdu ki, səhər təyyarə ilə Naxçıvana imtahana gedirdim, axşam isə artıq Bakıda efirə çıxırdım.


-Televiziyaya necə gəldiniz? İlk efirinizi xatırlayırsınız?

-2008-ci ildə əsgərlikdən qayıdandan sonra metroda bir elan gördüm. O vaxt insanlarda belə bir fikir formalaşmışdı ki, haradasa tanışın olmasa, işə düzəlmək mümkün deyil, xüsusilə də televiziya sahəsində. Mən həmin elanı görəndə kastinqin bitməyinə iki həftə qalmışdı. Son ana qədər mənə maraqsız idi. Çünki valideynlərim tanışsız işə düzələ bilməyəcəyimi deyirdilər. Amma qərar verdim və seçim turunun bitməsinə 2 saat qalmış saytda qeydiyyatdan keçib şəklimi göndərdim. İlk mərhələdə seçildim və digərinə dəvət aldım. Müsabiqəyə münsif olaraq peşəkar rusiyalı mütəxəssislər cəlb edilmişdi. Tanınmış rusiyalı aparıcı Sergey Brilyovun həyat yoldaşı İrina Brilyova da orada idi. Elə oldu ki, o, məni və bir neçə nəfəri bəyəndi. “Talk-show” və xəbər aparıcısı kimi seçildim. O vaxt həmin müsabiqədə seçilən aparıcılar sırasında indi İTV-də bərabər çalışdığım Vüsalə Səid də vardı. Onda tam yeni bir kanal açılmalı idi. Bütün seçimlər ora üçün idi. Lakin kanal açılmadı və seçimləri aparan prodüser mərkəzinin Azərbaycan televiziyası ilə əlaqələri sıx olduğundan bizim ora ilə əməkdaşlıq edə biləcəyimizi dedilər. AzTV-yə gedən 30 nəfərdən 10 nəfəri seçildi. İçlərində mən də vardım. Xəbərlərdə ilk efirim isə işə düzələndən bir ay sonra, 2009-cu ilin mart ayına - Novruz bayramına təsadüf etdi.


-Canlı efir zamanı gözlənilməz hadisələrin baş verməsi qaçılmazdır. Elə olubmu ki, efir zamanı ekstremal bir vəziyyət yaranıb, amma bunu tamaşaçı hiss etməyib?

-Canlı efirdə burnumdan qan açılıb. Onda hələ Azərbaycan Televiziyasında çalışırdım. Mən, ümumiyyətlə, xəstə olanda da həmişə efirə çıxmışam. Həmin gün də zökəm idim. Burnuma çox dərman vurmuşdum. Efir başladı, anonsa keçid verdim və bir də gördüm ki, masanın üzərinə damcı-damcı qan tökülür. Efir otağında isə rejissorumun başı qarışıq olduğundan nə baş verdiyinə diqqət etməmişdi. Vəziyyətimi görən kimi necə qışqırdısa, xəbər direktoru daxil, bütün məsul adamlar qısa zamanda studiyada, kameranın arxasında düzüldü. Anonsun son saniyəsində balaca salfet parçasını tanpon şəklində burnuma saldım, birinci xəbəri oxudum, keçdilər süjetə, salfeti çıxartdım və yenidən qan açıldı. Hətta beynimə qan sızdığını düşünənlər vardı. Xəbərləri 20 dəqiqə o vəziyyətdə apardım.


Mən 5 ilə yaxın Azərbaycan Televiziyası ilə bərabər həm də Azərbaycan radiosunda çalışmışam. Orada sosial-əyləncəli müxtəlif verilişlər aparmışam. Öz müəllif layihələrim də olub. 2009-cu ildə radio hələ təmir olunmamışdı. Xəbərləri oxumaq üçün aparıcılar stolüstü lapmadan istifadə edirdilər. Bir dəfə mən xəbər oxuyanda lampa düz üzümə partlamışdı. O səsdən hamı elə bilmişdi ki, studiyada yıxılmışam. Amma cəmi 5 saniyə fasilə oldu, sonra yenidən xəbərləri oxumağa davam etdim.

Bir dəfə isə İctimai radioda maraqlı hadisə baş vermişdi. Əyləncəli müəllif verilişim vardı. Gecə saat birin yarısından səhər altıya kimi davam edirdi. Gecələr efirə hər cür adamlar zəng edirdi. Bir dəfə saat 4-5 arası rayondan edilən zəngdə dinləyici danışdığı vaxt xoruzun banlaması eşidilməyə başladı. Çox maraqlı dialoqumuz alınmışdı.


-Tez-tez yerli televiziyalarda hansısa əcnəbi layihələrin eynisi təqdim olunur. Amma əksəriyyəti uğursuz alınır, qeyri-səmimilik, sünilik diqqəti daha çox cəlb edir. Bu barədə sizin də fikirlərinizi bilmək maraqlı olardı...

Birinci səbəb lazımı maddi vəsaitin işə cəlb edilməməsi, ikinci səbəb isə aparıcı ilə bağlı seçim səhvidir. Nədənsə bizdə aparıcını əvvəlcə xəbərdə sınağa meyillidirlər. Bu, düzgün deyil. Xəbərdə aparıcı çox şey öyrənə bilər, lakin gözəl olar ki, onu elə marağı olduğu və bacardığı istiqamətdə sınasınlar.

AzTv-də rəhbər şəxslər mənim xarakterimi, ünsiyyətə girmə bacarığımı görüb daha çox musiqili verilişlər aparmağımı istəyirdilər. Xəbərdə müvəqqəti efir təcrübəsi toplamalı idim. Lakin işimin öhdəsindən lazımınca gəldiyimi görəndə rəhmətlik Rafiq müəllim (Hüseynov) israr etdi ki, xəbərdə qalım. O gələcək Rafiqlərin yetişməsini çox arzu edirdi. Televiziyada başqa formatda verilişlərdən uzaq qalsam da, 5 il Azərbaycan, 5 il isə İctimai radioda dj oldum. Xəbərə əks sosial-əyləncəli müəllif verilişlərimi reallaşdırdım. Bizdə Rusiyadakı kimi iri miqyaslı əsl televiziya “talk-show”-lar olmadığı üçün isə bu barədə heç düşünməmişəm.

Ümumiyyətlə, aparıcı düzgün seçilibsə, layihə uğurlu olacaq deməkdir. Məsələn, bu gün biz “Breyn rinq”i DJ Fatehin təqdimatında izləyirik. Proqrama qonaq oldum. İzlədikcə aparıcının düzgün seçildiyini anlamaq çətin deyil. Bu siyahıya vaxtı ikən Kamilə Babayevanın apardığı “Zəif bənd”, Azər Axşamın təqdimatında yayımlanan “Milyonçu” verilişlərini də əlavə etmək olar.


-Bu gün Azərbaycan teleməkanında bayağı verilişlər təqdim olunur. Sual olunandaki, bu tip proqramlar nəyə lazımdı, bildirirlərki, Azərbaycan tamaşaçısının zövqü budur. Amma məncə televiziya özü zövqü formalaşdırır. Tamaşaçıya gözəl bir proqram təqdim et və zövqünü formalaşdır. Tamaşaçı bunu istəyir deyib bayağı verilişlər təqdim etmək doğrudurmu?

-Elə bir şey yoxdur. Media həmişə özündə maarifləndirici funksiya daşımalıdır. Sən nə məhsul təqdim edirsənsə, tamaşaçı, izləyici onu səndən alır. Keyfiyyət məsələsi artıq bizlikdir. Bizdə marketinq, reklam bazarı qonşu ölkələrdəki kimi əla vəziyyətdə deyil. Ona görə özəl kanallar daimi reklam edilən bir neçə şirkətdən dördəlli yapışırlar və onların bütün istəklərini həyata keçirməyə razıdırlar. Təki reklam gəlsin. Özəl televiziyaları buna görə qınamaq olmaz. Çünki onların gəliri reklam və sponsorlardandır.

Digər problem isə televiziya sahəsində çalışan təsadüfi insanlarla bağlıdır. O kəslər ki, televiziyaya asan gəlir yeri kimi baxırlar. Həmin insanlar da bayağı verilişlərin yaranmasında az rol oynamırlar. Lakin hər bir halda heç kimin proqramını aşağı tutmaq olmaz, axı hər bir verilişin öz izləyici kütləsi var. Sadəcə veriliş daha baxımlı olsun deyə, onu bayağılaşdırmaq olmaz. Efirdə səmimi insanlar sevilir. Amma səmimiyyət etik normaların aşılması, nə gəldi danışmaq demək deyil. Aparıcı hər hansısa səhvinə görə vaxtında cəzalanmasa, sonra elə olmaz. Tənqidi qəbul etməyi bacarmaq lazımdır.


-Mahnı oxumağınız, şeir yazmağınız da var...

-Sonuncu dəfə İctimai raioda qonağım modelyer Gülnarə Xəlilova ilə mahnı oxumuşdum. “Karaoke” rubrikasında adətən qonaqlar oxuyurlar, amma bu dəfə mən də ona qoşuldum. Musiqi məktəbində oxuduğum müddətdə müəllimim demişdi ki, səsim var və oxuya bilərəm. İndi şou-biznesdə vacib deyil ki, sənin möhtəşəm bir neçə oktavalıq səsin olsun. Düzgün mahnı seçimin səni kütləyə sevdirə bilər. Təbii ki, musiqi duyumun da olmalıdır. Mənim səsim bariton-tenordur. Lakin insan bütün sahələrdə tam bacarıqlı ola bilməz. Arada həvəskar oxumaq olar. Hər hansısa mahnının melodiyasını bəyənəndə isə şeirlər yaranır. Yaradıcı insan ilhamlanırsa ortaya nələrsə çıxır. Musiqi bəstələməyə vaxtım olmadığından içimdəki yaradıcılığı şeir yazmağa yönəltmişəm. Artıq 11-ci sinfi bitirəndə mən artıq I kursda təhsil alırdım. Tarix fakültəsi, əsgərlik, televiziyada işə başlamağıma görə bəstələrimi üzə çıxarmağa vaxt tapa bilmədim. Düşünürəm ki, gələcəkdə həmin bəstələri üzə çıxararam. İstəmirəm ki, sandıqda yatsınlar. Müəyyən mahnılar da var ki, onlardan təsirlənirəm, vacib deyil ki, o hadisələr həyatımda baş versin. Bir növ həmin mahnıdakı musiqiyə, sözlərə cavab olaraq şeir yazıram. Buna şairlik də deməyək, sadəcə içimdən süzülüb gələn sözləri yazıram.

-Sizə səyahət etmək qismət oldumu? Ölkələrdən hansı sizdə dərin təəssürat yarada bildi?

-Sonuncu dəfə Gürcüstanda olmuşam. Əslində, mənim üçün bütün təəssüratlar Bakıdadır. Sənin sevdiklərin hardadırsa, ora yaddaqalandır. Bakını dünyanın heç bir şəhərinə dəyişmərəm. Səyahət etməklə də aram yoxdur, baxmayaraq ki, müxtəlif xarici ölkələrdə yaşayan qohumlarım var.
BAKU.WS-in müxbiri Hüseyn Məmmədsalahov və aparıcı Ramiz İdrisoğlu 

-Şəxsi həyatınızla bağlı nə danışa bilərsiniz?

-Həyat yoldaşım xalam qızıdır. Uşaqlıqdan heç vaxt aramızda bacı-qardaş münasibəti olmadığından evlənmək qərarına gəlmişik. Artıq 4 ildir bərabərik, Banuçiçək adlı bir qız övladım var.

-Hələlik oxucularımıza deyəcəkləriniz…

-İlahi ədalət və möcüzələrə inanan insanam. Müsahibə boyunca da diqqət edilsə, o məqamları tutmaq olar. Çünki daima bilmədiyim bir qüvvə sanki yardımçım olub. Şükürlər olsun! Əgər müsahibənin bu yerinədək oxucunun səbri çatdısa oxumağa demək ki, televiziyaya və televiziyanın sevdirdiyi insanlara maraq hələ də ölməyib. Və son olaraq burdan dinləcilərə demək istəyirəm ki, bu il həm televiziyada, həm də radioda efir fəaliyyətimin 10 ili tamam oldu. Radiodakı işimlə bağlı gələn bütün məsajlarınızı oxuyuram. Hələlik radiodakı fəaliyyətimi dondurmuşam. Lakin İTV-də məni tamaşaçılar artıq xəbərlərdən savayı aktual sosial-iqtisadi məsələlərin müzakirə edildiyi "Diqqət Mərkəzi"ndə izləyir. İnşallah tezliklə başqa yeni layihələrdə görüşərik.

Hüseyn Məmmədsalahov
BAKU.WS