SİZİN REKLAM BURADA!
055 213 76 73



ATV-nin "BizimləSən" verilişi əməkdar artist Tünzalə Əliyevanın əmək qabiliyyətini itirdiyini əsas gətirərək evinin kreditini ödəmək üçün yardım aksiyasına başlayıb.

BAKU.WS xəbər verir ki, əməliyyatının və müalicəsinin xərci dövlət tərəfindən ödənilən aktrisanın bu hərəkəti ictimaiyyət tərəfindən birmənalı qarşılanmayıb.

Sosial şəbəkə istifadəçiləri onu insanların mərhəmət hissindən süi-istifadə etməkdə, öz vəsaiti hesabına müalicə olunmaq məcburiyyətində qalan və əlacı hər yerdən kəsilən minlərlə xərçəng xəstələrinin haqqına girməkdə günahlandırırlar. İnsanlar aktrisanın günlərdir efiri öz kredit problemi ilə zəbt etməsi, xəstəliyindən istifadə edib pul yığmasını iyrənc adlandırıblar.

"Toppuş bacı" kimi tanınan aktrisanın bu hərəkəti Milli Onkologiya Mərkəzinin baş həkimi, Azərbaycanın baş onkoloqu Azad Kərimlini də özündən çıxarıb. O, mətbuata açıqlamasında, aktrisanın səhhətinin normal olduğunu, yeriməsində və qidalanmasında heç bir probleminin olmamasını bildirib. Baş onkoloqun bu açıqlaması ilə aktrisanın əmək qabiliyyətini itirmədiyini deyir.

Tünzalə xanım BAKU.WS-ə açıqlamasında, barəsində deyilənlərə, yaranmış fikirlərə reaksiyası belə oldu:

"Kim nə yazır, Allah canınızı sağ etsin. Allah balalarınızı saxlasın. Heç vaxt xəstələnməsinlər. Ümumiyyətlə, heç kim xəstəliyin nə olduğunu bilməsin. Bundan artıq cavab verməyəcəm. Hər kəsə can sağlığı arzulayıram!"

Qeyd edək ki, aktrisa üçün efirdə başlanan pul toplama aksiyasınəticəsində 40 min manat toplamağa müvəffəq olub. İpotekasını bağlamaq üçün ona 60 min manat lazımdır. Əliyeva əmindir ki, o, yerdə qalan 20 min manatı da toplaya biləcək, çünki bu istiqamətdə yardımlar və dəstək davam edir.

Zülfiyyə Qurbanova
BAKU.WS