VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Sosial şəbəkələrdə yayılan video görüntülərdə Xəzər dənizi üzərində qeyri-adi hadisənin baş verməsi lentə alınıb. İlk öncə bildirmək lazımdır ki, bu hadisəni Abşeron yarımadasında yerləşən hidrometeoroloji stansiyalar qeydə almayıb. Buna görə də hadisənin dəqiq vaxtı və başvermə ərazisini nə təsdiqləmək, nə də inkar etmək mümkündür.

Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji təbliğat sektorunun müdiri Umayra Tağıyeva BAKU.WS-ə bildirib. Onun sözlərinə görə, video görüntüdə müşahidə etdiyimiz proses smerç (burulğan) hadisəsidir.

Nazirlik rəsmisi məsələyə belə münasibət bildirib:

“Bu hadisə Xəzər dənizi akvatoriyası üçün demək olar ki, nadir hadisədir. Smerçlərə- partlayan meteoroloji hadisə deyilir. Smerç- buludların altında yaranan güclü, lakin kiçikmiqyaslı burulğan, vertikal, bəzən əyilmiş oxa, tünd rəngli bulud sütununa bənzəyir. Smerçin yaranması, atmosferin aşağı qatlarında atmosfer stratifikasiyasının xeyli qeyri-stabiliyi ilə səciyyələnir.

İqlimşünaslar tərəfindən yarıməsrlik meteoroloji məlumatları analiz edərkən qeyd edirlər ki, smerçlərin yaranması riski artır.

Mülayim qurşaqda yerləşən ölkələr üçün bu nadir hadisədir, lakin artıq Xəzər dənizində də bu hadisənin müşahidə olunması, dəniz suyunun son onilliklərdə keçən əsrin axırları ilə müqayisədə 2 dərəcəyədək artması ilə əlaqələndirilir.

Beynəlxalq təcrübədə statistik təhlil göstərir ki, meteoroloji şəbəkənin seyrəkliyi üçün çox hallarda, belə hadisə baş versə də, nə meteostansiya, nə də radiolakator smerçı qeydə almır, smerç hadisələri proqnozlarda da öz əksini tapmır.

Smerç hadisəsinin praktiki olaraq qabaqcadan proqnozlaşdırılması, hidrometeorologiya elmində bu vaxta qədər həllini tapmayan ən çətin məsələlərdən biridir. Onların yaranması və inkişafı sayılı dəqiqələr arasında baş verir. Müasir rəqəmli modellər vasitəsi ilə smerçlərin yaranma yerini və vaxtını təyin etmək hələ ki, mümkün deyil.

Smerç proqnozunun qəliz məsələ olduğunu ABŞ-ın hidrometeoroloji xidmətinin hesabatlarından görmək olar.

Belə ki, 1990-cı illərdə yalnız 6 dəqiqə qabaqcadan smerçin olmasını müəyyən etmək olardı. Hazırda isə bu müddətin 15 dəqiqə qabaqcadan göstərilməsi böyük nailiyyət kimi qiymətləndirilir.

Bu proses baş verdikdə müasir radiolokatorlar vasitəsi ilə prosesin inkişafını və hərəkət trayektoriyasını izləmək olar.

Lakin qeyd etmək lazımdır ki, risklərin olması və hadisənin baş verməsi, bu fərqlı anlayışlardı. İstənilən proqnoz bir fərziyyədir.

Son onilliklərdə Xəzər dənizinin şimal akvatoriyasında (Qazaxıstanda, Maxaçqalada) bu hadisələr müşahidə olunub”.

Ziya SƏCCAD
BAKU.WS