SİZİN REKLAM BURADA!
055 213 76 73


 

Azərbaycanda əxlaqsızlıqla məşğul olanlara tətbiq edilən cərimənin miqdarının artırılması ilə problemi həll etmək mümkün deyil.


Bu barədə İqtisad Universitetinin professoru, iqtisad elmləri doktoru Zahid Məmmədov BAKU.WS-ə açıqlamasında bildirib. Onun sözlərinə görə, bu məbləğ fahişəxanalarda dövr edən külli miqdarda pulun yanında heç nədir.


"Bu sahədə cəriməni artırmaqla mübarizə aparmaq mümkün deyil. Sanki sürücü qırmızı işıqdan keçib, onu cərimə edirlər. Bunun qarşısını almaq mümkün deyil. Əxlaqsızlığın qarşısını almaq üçün ilk öncə bu sahədə çalışanları müəyyən etmək və nəzarətdə saxlamaq lazımdır”, - deyə Zahid Məmmədov bildirib.
    
İqtisadçi ekspert buna misal kimi xarici ölkələrin təcrübəsini göstərir: "Xarici ölkələrdə fahişəlik leqallaşdırılıb. Bununla da mövcud problemlərin aradan qaldırılması istiqamətində mühüm üstünlüklər əldə olunub”.


Zahid Məmmədov deyir ki, Azərbaycanda fahişəliyin leqallaşdırılması mentalitet baxımından doğru olmaya bilər. Lakin bu sahədə mövcud problemlemin həll yolunda ən yaxşı üsul bu işin icraçılarını müəyyən etmək və nəzarətdə saxlamaqdır.


"Bu qaydada vergi ödəyicisi, həkim nəzarətində, müvafiq qaydalarda, xəstəlikləri yaymağın qarşısını almaqda kömək edir. Bu xidmət tənha, əlil olan insanların fiziki ehtiyaclarını qarşılamaq üçün nəzərdə tutulur. Bu bir növ araşdırmadır, statistik nəzarətdir, çirkli pulların dövriyyəsinin qarşısını almaq üçün yaxşı mübarizə üsuludur. İnsan alverinin qarşısının alınması üçün sərt mübarizədir. Qadın alverinin qarşısını almaq üçün güclü üsuldur”, - deyə Zahid Məmmədov bildirib.

Zahid Məmmədov onu da bildirib ki, əsas məsələ onun bu sahə ilə təkcə polis yox, həm də sadə vətəndaşlar da mübarizə aparmalıdırlar. "Fahişəliklə mübarizə apararkən çox diqqətli olmalıyıq. Bəzən görürsən ki, milli mentalitetdən, namusdan, qeyrətdən danışan bir nəfər bu prosesin həyata keçirilməsində özü iştirakçı olur. Kimlərsə bundan pul qazanır. Hesab edirəm ki, bu barədə çox ciddi araşdırma aparmalıyıq, diqqətli olmalıyıq. Niyə bununla polis məşğul olmalıdır? Polis bu cür işlərə vaxtını itirməməlidir. Fahişəliklə əxlaq polisi mübarizə aparmalıdır”.


Xatırladaq ki, 2013-cü ildə bu məsələ Milli Məclis deputatları tərəfindən qaldırılmışdı. Həmin ilin aprel ayının 19-da keçirilən iclas zamanı ölkədə fahişəliyin leqallaşdırılması məsələsi müzakirə olunub. Prosesdə  "İnsan alverinə qarşı mübarizə haqqında” qanuna dəyişikliklərin müzakirəsi zamanı Yeni Azərbaycan Partiyasından (YAP) olan deputat Siyavuş Novruzov bildirib ki, milli-mənəvi dəyərləri nəzərə alsaq, bu məsələyə bir az fərqli baxmaq lazımdır: "İndi insan alveri ilə bağlı qanunları sərtləşdiririk, amma problemlər bir az da ağırlaşacaq. Çünki bu işlə qeyri-rəsmi məşğul olanlar yenə də məşğul olacaqlar. Əslində qanunların sərtləşməsi korrupsiyaya yol açacaq. Bu gün Ukraynadan, Filippindən Azərbaycana belə qadınlar axışır. Ötən əsrin əvvəllərində Türkiyədə də belə bir dövr yaşanırdı. Ataturk də bununla bağlı çıxış etmişdi. Çünki Fransadan, başqa Avropa ölkələrdən qadınlar gəlir, 1 il sonra varlanıb gedirdilər. Ona görə də Atatürk bu məsələyə diqqət çəkmişdi. Qanunları sərtləşdirməklə bu məsələnin qarşısını almaq mümkün olmayacaq. İnsan alverinin qarşısını ABŞ və Avropada da ala bilmirdilər. Digər tərəfdən, polis gələndə iki tərəf də qarşılıqlı razılaşma əsasında bir yerdə olduğunu söyləyirlər. Gəlin bu sahədə beynəlxalq təcrübədən istifadə edək. İndi hamı milli-mənəvi dəyərlərin daşıyıcısı, mömin olduğunu söyləməyə başlayacaq”.


İclasa sədrlik edən birinci vtse-spiker Ziyafət Əsgərov Səyavuş Novruzovdan fahişəliyi leqallaşdırmaq təklifi irəli sürüb-sürmədiyini soruşub. Siyavuş Novruzov isə bildirib ki, təklifləri bir çox problemin qarşısını alacaq: "Bütün Avropa ölkələri artıq bu işin çəmini tapıb, biz də onların təcrübəsindən istifadə edə bilərik”.

Cavid Babayev

BAKU.WS