SİZİN REKLAM BURADA!
055 213 76 73



BAKU.WS-in budəfəki müsahibi ATV-də tamaşaçılara “Hava”nın necə olacağından xəbər verən aparıcı, biznes-ledi Nərmin Əlisoydur.

-ATV-yə qədər haradaydınız, nə işlə məşğul olurdunuz?

-Bir çox sahələrdə işləmişəm. Uşaqlıqda bizə sual verəndə ki, kim olmaq istəyirsiniz, mən bir çox sahələrdə çalışmaq istədiyimi demişdim: koordinator, dizayner, həkim, telefonçu qız və s. Təbii ki, jurnalist olmaq arzumu da dilə gətirmişdim. Bu sahə üzrə bir neçə il dərs aldım və ATV-yə gəldim.

-Nərmin xanım, xeyli vaxtdır ki, ATV-də “Hava”nı təqdim edirsiniz. Ümumiyyətlə, ilk efir gününüzü necə xatırlayırsınız?

-Əlbəttə yadımdadır. Heç yadımdan çıxmaz, ilk dəfə efirə sarı paltarda çıxmışdım. Efirim bitdikdən sonra mənə bu vaxta qədər başqa telekanalda aparıcı işləyib-işləmədiyim haqda sual verdilər. Yəqin ki, mükəmməl bir hava aparmışam.

-Eyni verilişi aparmaq yorucu deyil ki?

-Xeyr, heç də yorucu deyil. Əslində, elə düşünürəm ki, mən başqa veriliş apara bilmərəm, sırf hava üçün yaradılmışam.


-Hansı havada “Hava”nın aparmaqdan daha çox xoşunuz gəlir?

-İsti havanı çox sevirəm, soyuqla heç aram yoxdur. Çəkiliş meydançasında işıqların istisini də nəzərə almaq lazımdır. Ona görə də soyuq havada isti studiyada havanı təqdim etmək daha xoşdur.

-Tamaşaçıları havadan agah edərkən nə haqda düşünürsünüz?

-Sabahkı günə o qədər planım olur ki... (gülür – red.) Havanın isti olacağını biləndə isə beynimdə bütün işlərimi yerbəyer edirəm.

-Hansı səbəbdən Nərmin Əlisoy “Hava”dan gedə bilər?

-Bir gün mənim üçün günəş doğacaq və mən “Hava”dan gedəcəyəm.

-Əksər aparıcılar eyni zamanda seriala da çəkilirlər. Siz bu haqda düşünmüsünüzmü?

-Aktrisa kimi istəmirəm. Bəlkə də səhv düşünürəm, amma mənə elə gəlir ki, bizdə serial hələ də tam inkişaf etməyib. Ona görə də serialda maraqsız, şit obraz yaratmaqdansa, evdə oturub onları izləmək daha yaxşıdır.



-Filmə çəkilmək istərdinizmi?

-Filmə çəkilmək istəyərəm, amma baxır ssenariyə. Mən daha çox dram və melodram janrlarını bəyənirəm. Düşünürəm ki, insanları güldürə bilmərəm.

-İnstaqram hesabınızı niyə bağladınız?

-Sirr qalsın...

-Nərmin Əlisoyun daim formada qalmağının sirri nədədir?

-Hər kəsin maraq obyektində olan bir sualdır... Necə olur ki, Nərmin hər saat, hər dəqiqə yeyir, amma kökəlmir? Təbii ki, bu aysberqin görünən tərəfidir. Birincisi, mən tez-tez yeyirəm, amma az-az yeyirəm. İkincisi, genetika deyilən bir anlam var. Bu mənim genetikamdan irəli gəlir. Baxmayaraq ki, anam uşaqlıqda həmişə deyirdi ki, mən atam tərəfə oxşamışam, amma mən böyüdükcə o gördü ki, heç də elə deyil və mən ona oxşamışam. Anam da mənim kimi daim formadadır, həmişə çəkisini qoruyub saxlaya bilir. Bu yaxınlarda isə mənə çox pis göz dəydi. O hadisədən sonra 10 kiloqram arıqladım. Pəhriz heç vaxt saxlamamışam, sadəcə az yeyirəm.

-Həm də iş adamısınız... Bu fikrə necə gəldiniz və niyə məhz geyim mağazası açdınız?

-Bəli, biznes-lediyəm. İnsanları zövqlə geyindirməyə, imiclərini dəyişdirməyə daim böyük marağım olub. Ona görə də bu sahəni seçdim və bununla kifayətlənməyib bir neçə günə gözəllik salonu da açacağam. İnsanları həm geyindirəcəyəm, həm də bəzəyəcəyəm.



-Rəfiqələriniz varmı?

-Televiziya və şou aləmindən ümumiyyətlə yoxdur, elə həyatda da “rəfiqə” deyə biləcəyim şəxs yoxdur.

-Digər “Hava” aparıcıları ilə niyə rəfiqə ola bilmədiniz?


-Çünki rəfiqə, sirdaş, evinin içi olub və bir yerdə çörək kəsib düşmən olmaqdansa, elə kənarda salam verib hörmət saxlamaq mənim üçün daha yaxşıdır.

-Oxuculara daim məşhurların ailəsi maraqlı olur. Ailəniz haqqında nə danışa bilərsiniz?

-Ailədə 2 bacım, anam və atam var. Onu da deyim ki, bürclərə çox inanıram. Məsələn, atam şir bürcündəndir – daim öz dediyini edir, bizə qadağalar qoyur və birdən-birə mülayimləşir, anam xərçəng bürcündəndir – “çik-çik” kəsir adamı (gülür – red.) , bacılarım isə qoç və buğa bürclərindəndirlər. Bürclərə inandığıma görə deyə bilərəm ki, onların xasiyyətləri, davranışları bürcləri ilə üst-üstə düşür.

-Uşaqlığınızla bağlı hansı xatirələriniz qalıb?


-Çox dəcəl uşaq olmuşam. Bir dəfə məhəlləmizdə uşaqlarla gizlənqaç oynayırdıq. Mən axıra qalmışdım və istəyirdim ki, qalib olum, bizi axtaran uşaq yenidən yumsun. Ona görə özüm boyda qutu tapıb girmişdim içinə və gözüm heç nəyi görmədən qaçırdım ki, birdən nəyəsə dəydim. Sən demə, həmin vaxt məhəlləyə iri su maşını gəlmişdi. Necə ona çırpıldımsa, bir də gördüm ki, altındayam. Həmin gün anam məni yaxşısa tənbeh etmişdi (gülür – red.)

Hüseyn Məmmədsalahov
BAKU.WS