SİZİN REKLAM BURADA!
055 213 76 73



Bu gün xalq artisti, rejissor Ramiz Əzizbəylinin 70 yaşı tamam olur.

Sənətkarın doğum gününü təbrik etmək üçün onunla əlaqə saxladıq. Xalq artisti BAKU.WS-ə bunları bildirdi:

“Zənginizə görə çox sağ olun. Səhhətimdə hər şey qaydasındadır. Dünəndən yaxın dostlar, jurnalistlər, tələbələrim zəng edib doğum günüm münasibəti ilə xoş sözlərini deyirlər”.

Qeyd edək ki, Ramiz Əzibəyli 1948-ci il iyulun 20-də Bakı şəhərində anadan olub. M.A.Əliyev adına ADİİ-nun mədəni-maarif fakültəsini bitirib. 1987-ci ildə "Debüt" studiyasının çəkdiyi "Pirverdinin xoruzu" qısametrajlı bədii filmi ilə rejissorluq fəaliyyətinə başlayıb. Film bir neçə beynəlxalq kinofestivalda müvəffəqiyyətlə iştirak edib, Kiyev şəhərində keçirilən Ümumittifaq festivalında isə rejissor debütünə görə mükafata layiq görülüb.

R.Əzizbəyli 1991-ci ildə "Bəxt üzüyü" tammetrajlı bədii filmini çəkib. Film kinoteatrlarda nümayiş olunan ən baxımlı kassa filmi və Azərbaycanın yeni tarixində çəkilən ilk ən gəlirli kino işi kimi yadda qalıb. Film Daşkənddə keçirilən Asiya və Latın Amerikası ölkələrinin kinofestivalında xüsusi diploma layiq görülüb.

Hüseyn Məmmədsalahov
BAKU.WS