VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Ölkəyə mobil telefon gətirənlərə 18 faizi ƏDV şamil olunacaq.

BAKU.WS
xəbər verir ki, xaricdən mobil telefon gətirənlərə, həmçinin xarici Virtual Post Terminallara (VPOS) çıxış olan bütün e-məhsulların və xidmətlərin ödənişlərin hamısı bu yeni ƏDV ilə tənzimlənəcək.

Bununla bağlı ekspert Nicat Manafov sosial şəbəkələrdə maraqlı məqamlara toxunub. Onun sözlərinə görə, xaricdən alınan məhsulun öz qiymətindən əlavə 18 faiz vergi ödəniləcək.


“Bu da o deməkdir ki, Siz xarici onlayn mağazalardan aldığınız məhsula 5 dollar ödəyirsiniz, bundan əlavə Sizin kartınızdan 18 faiz vergi tutulur. Əvvəllər belə bir şey yox idi. Hər satıcı öz ölkəsinə vergi ödəyirdi. Bunun da Azərbayacan təsiri yox idi. İndi isə daxili sahibkarlığı qorumaq üçün yerli istehlakçıya satılan məhsulun qiymətindən əlavə 18 faiz ƏDV tətbiq etmək istəyirlər. Məqsəd yerli sahibkarlığı, yerli e-ticarət mağazalarını qorumaq və vergi yığımlarını artırmaqdır”.


Qeyd edək ki, parlamentdə “Dövlət rüsumu haqqında” qanuna dəyişiklik təsdiq olunub. Layihəyə görə, satış və digər sahibkarlıq fəaliyyəti məqsədilə hüquqi və fiziki şəxslər tərəfindən idxal olunarkən gömrük rüsumu və əlavə dəyər vergisi tutulmaqla rəsmiləşdirilmiş mobil cihazlar istisna olmaqla, fiziki şəxs tərəfindən şəxsi istehlakı üçün ölkəyə gətirilən mobil cihazların qeydiyyata alınmasına görə dövlət rüsumu tətbiq olunacaq.

Bu qanun dəyişikliyi hansı zərurətdən edilib? Bunun tətbiqindən sonra mobil telefon bazarında nələr dəyişəcək? Suallara cavab tapmaq üçün mütəxəssislərə müraciət etdik.

Millət vəkili, iqtisadçı ekspert Əli Məsimli BAKU.WS-ə açıqlamasında bildirdi ki, bu qanun dəyişikliyi fərdi vətəndaşların xaricdən mobil telefonu ucuz almaq imkanlarını məhdudlaşdıracaq.


“Hansısa məhsul, istər mobil telefon, istərsə digər məhsul şəxsi tələbatı ödəmək məqsədilə gətirilirsə, hesab edirəm ki, buna heç bir rüsum tətbiq edilməməlidir. Satmaq məqsədilə gətiriləndə isə rüsum verilir. Mən burada prinsipi deyirəm. Qoy bu qanunu bilavasitə tətbiq edənlər şərh versinlər”, - deyə Əli Məsimli bildirib.

İqtisadçı ekspert Rövşən Ağayev BAKU.WS-ə açıqlamasında bildirdi ki, qanuna edilən bu dəyişikliyin heç bir iqtisadi açıqlaması yoxdur.


“Söhbət o məhsullardan gedir ki, ölkədə həmin mallar istehsal edilmir. Əgər mobil telefonu ölkədə istehsal olunsaydı, o zaman deyərdik ki, məhsul istehsalını stimullaşdırmaq üçün bu addımı atırlar. Bu şəkildə istehlakçının həddindən artıq vergilə yüklənməsi tərəfdarı deyiləm. Dolayısı ilə tətbiq edilən və ölkədə istehsal olunmayan məhsullara vergi yükünün artırılmasını dəstəkləmirəm. Nəzərə alın ki, bu davamlı şəkildə həyata keçirilir”, - deyə iqtisadçı bildirib.

Rövşən Ağayev deyir ki, bundan sonra mobil bazarında bahalaşma müşahidə olunacaq.

“Bundan əvvəl də eyni kəskin addım atılmışdı. Avtomobil bazarına tətbiq edilən vergilərlə bağlı qanundan sonra maşın bazarında ciddi bahalaşma müşahidə olunmuşdu. İndi də mobil cihaz bazarında qiymətlər artacaq. Çünki məhsulun vergi yükü artırsa, bazarda malın qiyməti bahalaşır”.


Mütəxəssis hesab edir ki, bu addımın atılması ilə mobil bazarında xoşagəlməz halların yaranmasına səbəb olacaq:

“Digər tərəfdən də bazara əvvəllkilərdən aşağı keyfiyyətdə məhsulların axını başlayacaq. Çünki bazarda yaxşı keyfiyyətli telefonların qiyməti bahalaşır. Alıcılıq qabiliyyəti aşağı düşür. Nəticədə bazara ucuz və keyfiyyətsiz məhsullar daxil olur. Hazırda mobil telefonların ölkəyə fərdi qaydada gətirilməsinin sayı həddindən artıq artıb. İnsanlar kütləvi şəkildə sifariş verib, poçt vasitəsilə gətirirlər. Bunun qarşısını almağa çalışırlar. Bu qaydaların tətbiqi ölkəyə qeyri-leqal mobil telefon gətirilməsi halları arta bilər”.

Qeyd edək ki, Azərbaycanda ölkəyə idxal olunan mobil telefonlara növündən asılı olaraq rüsum tətbiq edilməsi 2016-ci ildə təklif olunub.

Ziya SƏCCAD
BAKU.WS