VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


ARB Ulduz-un “Şou Məkan” verlişinin qonağı müğənni Nazənin olub.

Müğənni ilk olaraq geri dönüş mahnısı olan “Havalı başım” ifasından söz açıb:

“Dönüşüm elə oldu ki, “Havalı başım” mahnısını oxudum. Musiqisi Ruslan Səfəroğlu, sözləri Vüsal İbrahimovundur. Digər mahnılarım kimi bu da hit oldu. Dünyanın ən xoşbəxt müğənnisiyəm ki, nə oxumuşam, dillər əzbəri olub.

Tamaşaçılara təşəkkür etmək istəyirəm ki, izləyirlər, sevirlər. Onların sevgisi olmasa, mən oxuya bilmərəm. Hər zaman deyirəm, mən oxuyanda alqışlar olmasa, oxumayacam. O an düşünəcəm ki, getmək vaxtıdır”.

İfaçı konsert verməyə hazırlaşdığı dönəmdə heç gözləmədiyi bir itki ilə üz-üzə qaldığını deyib:

“Yaşıl Teatrda konsert verməyə hazırlaşırdıq. Prodüserim tədbirin vaxtını belə dəqiqləşdirmişdi. Üzeyir Mehdizadənin konsertindən iki gün sonra olmalıydı. Tale elə gətirdi ki, qardaşımı itirdim. Konsert vermək ruhunda deyiləm. Üzüm gülür, ancaq içim yox. Əlli gün gözlədim. İstəyir əlli il gözləyim. Onsuz da qardaşım qayıtmayacaq. Bu gerçəkliklə barışdım. Dedilər, onun da ruhu şad olar ki, sən yenidən səhnəyə qayıdasan”.

Sənətçi, üzü gülsə də, ürəyinin qan ağladığından danışıb:

“Son beşik qardaşımıydı, cavanıydı. Mənim yanımda böyüşümdü. Onu çox istəyirdim. Sadəcə oxuyuram. Sizə elə gəlir ki, Nazənin şadlanır, gülür, oxuyur, heç kim mənim qədər o acını çəkə bilməz”.

Nazənin susduqca bəzilərinin özünü haqlı hesab etməsi məsələsinə də toxunub:

“Elə şeylər var ki, mən onu açıqlasam, qan düşər. Həmin həqiqətləri mən desəm, insanlar şoka düşər ki, Nazənin nə üçün susur, bəs niyə danışmır? İnsan abrını gözlədikcə, bəzi yiyəsizlər ki var, onlar elə bilirlər ki, sən susursan və onlar düzdür. Səhər yenə pillə-pillə qalxırlar.

İnsan üzr istəməyi bacarmalıdır. Ancaq haqsız yerə böhtanlar atasan, özün o çirkabların içində ola-ola başqalarına sataşasan, bu düzgün deyil. Belə hərəkətlərə bir dözərəm, iki dözərəm, ancaq sonuna çıxaram”.

Sosial şəbəkələrdə onu qınaq atəşinə tutanlara da sakit cavab verən müğənni, düzün nə zamansa əyrini kəsəcəyini xüsusi vurğulayıb:

“Bir də görürsüz ki, biri mənim instagram səhifəmə yazıb, bunun qardaşı ölməyib bəs, niyə oxuyur? Guya ki, mənim qardaşımı məndən çox istəyir də, məndən çox canı yanır. Elə deyil. Bu, mənim sənətimdir. Ürəyim qan ağlasa da, oxumalıyam.

Hər şey yaxşıdır. Mən həmişə çalışmışam ki, gördüyünüz kimi qalım. Mən dəyişə bilmirəm. Elə şeylər var ki, ürəyim partdayır, deyə bilmirəm. Desəm, mən də bir neçə nəfərin tayı olacam. Düz həmişə əyrini kəsir”.

Qeyd edək ki, “ARB Ulduz” kanalını Azərspace 1 peykində 11024 tezliyində, polyarizasiya: (V), FEC 5:6, symbol rate: 12698 izləyə bilərsiniz.

BAKU.WS