VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Dövlət İmtahan Mərkəzi mayın 13-də II və III ixtisas qruplarının abituriyentləri üçün keçirdiyi qəbul imtahanının nəticələrini elan edib.

BAKU.WS
xəbər verir ki, keçirilən imtahanlarda 7 abituriyent 700 bal toplayıb. Onlardan biri də Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyinin şagirdi Xəyyam Sultanlıdır.

BAKU.WS olaraq ilk öncə Liseylə əlaqə saxladıq. Təhsil müəssisəsinin rəhbəri Qədir Bektaşoğlu BAKU.WS-ə açıqlamasında bildirdi ki, yüksək nəticə göstərən abituriyentin uğuru gözlənilən idi.

"Əslində bizim liseyin abituriyentlərinin uğurları gözlənilən idi. Biz 4 abituriyentin yüksək nəticə qazanacağını gözləyirdik. Lakin kiçik texniki səhv nəticəsində həmin abituriyentlərdən üçü 696 bal topladı", - deyə Qədir Bektaşoğlu bildirib.

Direktorun sözlərinə görə, Xəyyam Sultanlı dərslərə məsuliyyətli biri olub.

Qeyd edək ki, Xəyyam Sultanlı liseyin 700 bal toplayan 18-ci abituriyentidir. Onunla birgə təhsil alan Ənvər Yaqublu, Maya Əhmədzadə və Kənan Qayıbov isə 696 bal toplayıb.

İmtahanda yüksək nəticə göstərən Xəyyam Sultanlı BAKU.WS-ə açıqlamasında bildirib ki, uğurunun əsas səbəblərindən biri iradəli və məsuliyyətli olmasıdır: "Uğur qazanmaq istəyən abituriyent ilk növbədə iradəli və məsuliyyətli olmalıdır. Ətrafında olan insanlarla, yaxınları və müəllimlərilə məsləhətləşməlidir. Lakin son anda qərar abituriyentin özü tərəfindən qəbul edilməlidir. Çünki şəxs özü daha yaxşı bilir ki, ona nə lazımdır".

Xəyyam Sultanlı dərslərlə birgə əyləncəyə və dostlarına da vaxt ayırıb: "Şahmatı və kompüter oyunlarını sevirəm "Facebook" və "İnstagram"da varam. "Twitter" isə mənim üçün maraqsız olduğuna görə, oradan çıxmışam. Bəzən düşünürlər ki, abituriyent imtahan ərəfəsində dünyadan təcrid olmalıdır. Əsla belə deyil. Mən imtahana hazırlaşan vaxtlarda da dostlarımla birgə əyləncəyə vaxt ayırırdım".

Xəyyam Sultanlının qardaşı da iki il əvvəl imtahandan yaxşı nəticə göstərib: "Qardaşım Bakı Dövlət Universitetinin "İqtisadiyyat" fakultəsinin II kurs tələbəsidir. O, 600 bal ilə universitetə daxil olmuşdu. Atamın şəxsi biznesi var, anam evdar qadındır".

Hazırda X.Sultanlı hüquq ixtisasına yiyələnmək istəyir.

Ziya SƏCCAD
BAKU.WS