VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində aidiyyəti fəaliyyət sahələrində qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş iclas keçirilib.

Nazirlikdən BAKU.WS-ə verilən məlumata görə, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev əmək və sosial müdafiə sahələrində idarəetmə sistemlərinin mütərəqqi dünya təcrübəsi əsasında təkmilləşdirilməsi, bu sahələr üzrə əhaliyə xidmətlərdə müasir iş üsullarının, şəffaflığın və sosial ədalət prinsiplərinin, elektron texnologiyaların geniş tətbiqinin təmin edilməsinin Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən nazirlik qarşısında müəyyən edilən əsas vəzifələrdən olduğunu vurğulayıb.

Nazir ölkəmizin əmək bazarında sabitlik və inkişaf meyllərinin mövcud olduğunu, əmək münasibətlərinin qeydiyyatı və rəsmiləşdirilməsi ilə bağlı nəzarət mexanizminin gücləndirilməsinin vacibliyini qeyd edib. S.Babayev bu sahə ilə bağlı təhlillərin aparılması və tədbirlərin effektiv təşkilinin diqqətdə saxlanmalı olduğunu bildirib.

Ölkəmizdə müsbət demoqrafik vəziyyətin, əhalinin təbii artım tempinin davam etdiyini vurğulayan nazir demoqrafik vəziyyətin qiymətləndirilməsi və dolğun proqnozlar sisteminin gücləndirilməsinin, qabaqcıl beynəlxalq təcrübədən geniş istifadənin zəruriliyini diqqətə çatdırıb.

S.Babayev bildirib ki, demoqrafik inkişafın təzahürlərindən biri olaraq əmək qabiliyyətli əhalinin sayının mütəmadi artması aktiv məşğulluq tədbirlərinin və xidmətlərinin səmərəliliyinin artırılmasını mühüm vəzifələrdən biri kimi şərtləndirir: "Xüsusilə də əmək bazarında daha təsirli və konkret nəticələrin əldə olunması üçün məşğulluq tədbirlərinin həyata keçirilməsi, həmçinin bu xidmətlərin elektron müstəvidə qurulması aktual məsələlər kimi qarşıda durur".

Nazir həmçinin əmək miqrasiyası kvotasının hazırlanmasında da elmi-praqmatik yanaşmaya istinad olunmasının vacibliyini diqqətə çatdırıb. S.Babayev əmək bazarında məşğulluq imkanlarının genişlənməsi və əmək haqlarının artımı ilə müşahidə olunan sosial-iqtisadi inkişaf proseslərinin məcburi dövlət sosial sığorta daxilolmalarına da müsbət təsirini qeyd edib. Nazir bildirib ki, sosial sığorta daxilolmalarında artım tempinin təmin olunmasına, müvafiq proqnoza əməl olunmasına yönələn sistemli tədbirlərin həyata keçirilməsi vacibdir: "Bu sahədə qeyri-formal məşğulluq hallarının aradan qaldırılması, əməyin leqallaşdırılması kimi vacib hədəflərə doğru yönələn tədbirlərlə paralel, sosial sığorta münasibətlərində səmərəli idarəetmənin təşkilinə və şəffaflığın tam təmin olunmasına da xüsusi diqqət yetirilməlidir".

Ünvanlı dövlət sosial yardım sisteminin aztəminatlı ailələrin müdafiəsində önəminə toxunan S.Babayev vurğulayıb ki, ilk növbədə sosial yardım sistemində ədalətlilik, şəffaflıq, dövlət vəsaitlərinin yönəldilməsində ünvanlılıq prinsiplərinin güclənməsi diqqətdə saxlanılacaq. Digər tərəfdən, sosial yardım alan aztəminatlı ailələrin məşğulluq potensiallarının öyrənilməsi yolu ilə onların gəlir imkanlarının artırılmasına özünüməşğulluq proqramı çərçivəsində dəstək üçün konkret işlər görülməlidir.

Əlillərin sosial müdafiəsinin ölkədə aparılan siyasətin əsas istiqamətlərindən olduğunu bildirən S.Babayev diqqətə çatdırıb ki, dövlət başçısının xüsusi qayğısı nəticəsində bu təbəqədən olan insanlar üçün tibbi-sosial reabilitasiya sistemi də müasirləşdirilir: "Hər il xeyli sayda əlil vətəndaş bərpa-müalicə xidmətləri ilə təmin edilir. Lakin, bununla belə əlillər arasında reabilitasiya səviyyəsinin artırılmasında, reabilitasiyanın davamlı xarakter almasında müəyyən durğunluğun aradan qaldırılması, eyni zamanda, əlilliyin təyinatı prosesində şəffaflığın tam təmin olunması, süründürməçiliyə yol verilməməsi, əlilliyi olan şəxslərin məmnuniyyətinə nail olunması da əsas fəaliyyət istiqamətləri sırasında olmalıdır".

Nazir qeyd edib ki, bu yanaşma sağlamlıq imkanları məhdud uşaqlara da aiddir: "Onların sağlamlığının bərpasında bərpa-müalicə müəssisələrinin erkən müdaxilə prinsipi üzrə fəaliyyətlərini qurmaları vacibdir. Eyni zamanda, sosial sifarişlər üzrə icra olunan reabilitasiya yönümlü sosial xidmət layihələrində də bu istiqamətə xüsusi diqqət yetirilməli, bu layihələrin reabilitasiya baxımından konkret nəticələri ortada olmalıdır".

S.Babayev Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin mənzillə təminatı işlərindən də bəhs edib, onlar üçün yeni mənzillərin tikintisi işlərinin sürətləndirilməsi istiqamətində müvafiq tədbirlərin görülməli olduğunu vurğulayıb.

Nazir vurğulayıb ki, Azərbaycan Prezidenti İlham Əliyevin 19 aprel 2018-ci il tarixli “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” fərmanı ölkədə sosial ədalət prinsipinin yüksək səviyyədə təmin olduğunu bir daha təsdiq edir: "Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən mühüm sosial müdafiə əhəmiyyəti daşıyan bu fərmanın layiqli şəkildə icrası, müvafiq kateqoriyadan olan vətəndaşlara fərmanda nəzərdə tutulduğu kimi 11 000 manat məbləğində birdəfəlik ödəmələrin verilməsi tam və eyni zamanda, şəffaf şəkildə təmin olunacaq. Həmçinin dövlət başçısının “1941-1945-ci illər İkinci Dünya müharibəsi iştirakçılarına, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilməsi haqqında” 20 aprel 2018-ci il tarixli sərəncamına əsasən, həmin şəxslərə Sərəncamda nəzərdə tutulan məbləğlərdə birdəfəlik maddi yardımın çatdırılması işləri 9 May Qələbə gününə qədər tam yekunlaşmalıdır".

İctimai rəy və təşəbbüslərə fəal və işgüzar mövqedən reaksiya verilməsinin önəmini qeyd edən nazir xüsusilə vurğulayıb ki, ümumilikdə əmək və sosial müdafiə sahəsində görülən işlərin əsasında şəffaflığın, sosial ədalətin tam təmin olunması və mütərəqqi beynəlxalq təcrübənin tətbiqi dayanmalıdır. S.Babayev bildirib ki, sosial tərəfdaşlarla-Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası, Azərbaycan Həmkarlar İttifaqları (AHİK) Konfederasiyası, habelə Azərbaycan Risk Peşəkarları Assosiasiyası (ARPA), Azərbaycanda Amerika Ticarət Palatası (AmCham Azərbaycan), beynəlxalq təşkilatlarla, habelə QHT-lərlə əməkdaşlıq, birgə fəaliyyət genişləndirilməlidir. Xüsusilə də bu əməkdaşlıq müvafiq sahələr üzrə aparılan islahatlara həmin təşkilatlar tərəfindən dəstəyin göstərilməsinə istiqamətlənməlidir.

İclasda qeyd olunan məsələlər ətraflı müzakirə olunub, təkliflər ifadə olunub. S.Babayev qeyd olunan məsələlərlə bağlı aidiyyəti üzrə tapşırıqlar verib.

BAKU.WS