VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Daxili işlər naziri, general-polkovnik Ramil Usubov ölkəmizdə rəsmi səfərdə olan Türkiyə Respublikasının ədliyyə naziri Əbdülhəmid Gülün başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

DİN-in mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, R. Usubov ikitərəfli əlaqələrin mövcud durumundan danışarkən rəhbərlik etdiyi qurumun qardaş ölkənin Daxili İşlər Nazirliyi ilə münasibətlərin daha da inkişaf etdirilməsinə böyük önəm verildiyini, Daxili Qoşunların formalaşmasında, ən müasir tələblərə cavab verən quruma çevrilməsində, şəxsi heyətin peşəkarlığının daha da yüksəldilməsində Türkiyə Jandarm Komandanlığının böyük zəhməti olduğunu xüsusi vurğulayaraq buna görə təşəkkürünü bildirib.

2016-cı il iyul ayının 15-də Türkiyədə baş vermiş dövlət çevrilişi cəhdinə toxunan nazir həmin olayların Azərbaycanda da böyük narahatlıq yaratdığını, dövlətçiliyə, demokratiyaya, xalqa, onun iradəsinə və seçiminə qarşı törədilən dəhşətli cinayətin respublikamızda şiddətlə qınandığını nəzərə çatdırıb. O, antikonstitusion əməllərin qarşısının alınması istiqamətində həyata keçirilən qətiyyətli tədbirlər nəticəsində vəziyyətin qısa zamanda sabitləşməsindən, dost dövlətin iqtisadi, siyasi və hərbi qüdrətinin getdikcə artmasından və beynəlxalq arenada nüfuzunun yüksəlməsindən məmnunluğunu ifadə edib.

Ə. Gül isə iki ölkənin müvafiq orqanları arasındakı qarşılıqlı faydalı və səmərəli işbirliyini yüksək qiymətləndirib, ikitərəfli münasibətlərin inkişafı üçün bundan sonra da səylərini əsirgəməyəcəklərini, belə əməkdaşlığın, təcrübə mübadiləsinin qardaş xalqlarımızın və dövlətlərimizin mənafelərinə xidmət etdiyini vurğulayıb.

Görüşdə tərəfləri maraqlandıran bir sıra digər məsələlər də müzakirə edilib. Qəbulda Türkiyə Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral iştirak edib.

BAKU.WS