VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


"The Times" qəzetinin Türkiyə müxbiri Luis Kallaxan Qaziantep şəhərindən hazırladığı reportajda yazır ki, türk kişilər Suriya qaçqın qızlarını qanunsuz ikinci arvad kimi alır, lakin sonra onları taleyin ixtiyarına buraxırlar. Məqalədə deyilir ki, qaçqın gəlinləri suriyalı araçılar "təşkil" edirlər.


"Yaşlı türk qız dəllalının yanına gəlib istəyini bildirir: "Mənim ikinci arvadım, mavi gözlü, uca boylu, ağ dərili və yaşı 17-dən az olmalıdır". Kişi, istədiyi qızı tapsalar? hətta 2500 dollar verməyə hazırdır", - yazır müxbir.

Lakin o, bu evlilikdə uzun müddət qalmaq fikrində deyil, suriyalı yeniyetmə qızları ikinci arvad kimi alan kişilər, onları bir neçə aydan sonra atırlar.


Aradüzəldən Məhəmməd Əbu Cəfər Türkiyə-Suriya sərhədindəki oteldə deyir ki, kişilər yaxşı vaxt keçirmək istəyirlər. "Qızın ailəsinə isə pul lazımdır. Hamı razı qalır".

Luis Callaxan yazır ki, altı il davam edən üzücü vətəndaş müharibəsindən sonra, indi Türkiyədə 3 milyon suriyalı qaçqın var. Onların əksəriyyətinin iş izni yoxdur. Məhz buna görə də, son dərəcə çarəsizlikdə olan ailələr Əbu Cəfər kimi dəllalların toruna düşürlər. Suriyalı uşaq-gəlinlərin qiyməti isə 1500 dollardan başlanır.

"Çox gözəl olsalar, 3000 dollara da gedərlər, - deyir Əbu Cəfər. - Mən eşitmişəm ki, hətta 13 yaşlı bir qızı da alan olub".

Türkiyədə çoxarvadlılıq qanunsuzdur və belə nikahlar qanun tərəfindən tanınmır. Bu isə o deməkdir ki, ikinci arvad olan qız-qadınları qoruyan qanunlar da yoxdur. İkinci arvadları bir qayda olaraq, başqa, xəlvət bir mənzildə saxlayırlar. Buna görə də, onları atıb getmək də çətin olmur.

Jurnalist Suriya sərhədinin 30 kilometrliyindəki Qaziantepdə 23 yaşlı Nurla görüşüb və onun əhvalatını dinləyib. Onun əri qadını aldadaraq onun ailəsi ilə birlikdə Kanadaya getməsinə mane olub. Nəticədə, gözlərini müalicə etdirə bilməyən Nurun bir gözü nursuz qalıb.

İki il bundan əvvəl Hələbdə tibb bacısı olmuş Nuru bir türklə tanış edəndə o sevinmişdi. "Mən onu bəyənmişdim, o da məni" - deyir Nur.

Valideynləri də buna sevinmişdilər. Adamlar küçədə qıza sataşırdılar. Buna görə də, atası Nurun türkə ərə getməsindən məmnun idi. Elə həmin vaxt Nurun ailəsinə Kanadada sığınacaq verildiyi barədə xəbər gəlmişdi, amma valideynləri Nura görə ora getməkdən imtina etmişdilər.

Lakin Nurun gələcək əri şəriət qaydası ilə kəbin kəsdirmək istəyirdi. O vəd edirdi ki, Ankarada təzə ev alan kimi nikahı rəsmiləşdirəcək.


Amma Ankarada onu dörd divar arasında qalmaq gözləyirdi. Qaynanası onu döyür, valideynləri ilə əlaqə saxlamasına icazə vermirdi. Nurun əri onun gözlərini müalicə etdirmək vədini də yerinə yetirməmişdi.

Nəhayət, əri ondan boşandığını bildirib və Nuru valideynlərinin evinə göndərib. Onun nəinki Kanada arzusu gözündə qalıb, üstəlik gözəl mavi gözlərindən biri görmür.

Məqalədə deyilir ki, heç də bütün suriyalı qızların taleyi Nurunku kimi deyil. Onlardan bəziləri bu evliliyin qısa və müvəqqəti olacağını bilirlər və hətta bir neçə dəfə ərə gedib ailələrini də dolandırırlar.

Əbu Cəfər deyir ki, kişilərin əksəriyyəti bu qızlara və onların ailələrinə yalan deyir. Onlar əvvəlcə özlərini varlı kimi göstərirlər.

Luis Kallaxan yazır ki, bu nikahların çoxu gizli qurulduğundan belə praktikanın miqyaslarını bilmək olmur. Lakin Türkiyə QHT-ləri bildirirlər ki, belə hallar, xüsusilə də düşərgədəki yoxsul Suriya qaçqınları arasında geniş yayılıb.

Əbu Cəfər deyir ki, "müştərilər" qızların 15-25 yaş arasında olmasını istəyirlər. Qızların türkcə danışa bilməməsi mühüm deyil.

Ər evindən valideyn evlərinə qayıdan qızların bəzilərini ailələri qəbul edirlər, bəzilərini isə yox. Bu ikincilər adətən seks sənayesinin ağuşuna düşürlər.

Türkiyədə işləyən bir Suriya insan haqları fəalı deyir ki, bu qızların əksəriyyəti bir daha gözə görünmür: "Onlar sadəcə olaraq yox olurlar". (BBC)

BAKU.WS