VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
Vergilər Nazirliyi ötən ay apardığı araşdırmalar zamanı vergi ödəyicilərinin həyata keçirdiyi əməliyyatlarda kifayət qədər risklərin yaranması halları aşkar edib. 
 
BAKU.WS xəbər verir ki, bu barədə "Report”a qurumun Media və Kommunikasiya Mərkəzindən məlumat verilib.

Məlumata görə, bəzi vergi ödəyicilərinin təqdim etdiyi mallara (işlərə, xidmətlərə) görə elektron qaimə-fakturaların verilmədiyi, malların (işlərin, xidmətlərin) satılmasına baxmayaraq, həmin əməliyyatlara görə vergilərin dövlət büdcəsinə ödənilmədiyi, satışdan əldə edilmiş pul vəsaitlərinin uçota alınmadığı, "Nağdsız hesablaşmalar haqqında” Qanunun tələblərinə əməl edilmədiyi və bir sıra pozuntulara yol verildiyi müəyyən edilib. Bəzi hallarda isə vergi ödəyiciləri heç bir təsərrüfat subyektləri (anbarı, mağasazı və s.) olmadığı halda, aldıqları (idxal etdikləri) malların satışını vergiyə cəlb etməyərək, həmin malları "mal qalığı” kimi göstərirlər.

Qeyd olunanlarla əlaqədar, nazirlik yanında Lokal Vergilər Departamenti ötən ay gördüyü tədbirlər nəticəsində ümumilikdə 10,529 mln. manat dəyərində mal-materialın əskik gəldiyini (mövcud olmadığı), yəni vergi ödəyiciləri tərəfindən satılmasına baxmayaraq, satışdan əldə olunan gəlirin müvafiq vergi bəyannamələrində əks etdirilmədiyini və vergidən yayındırıldığını, 885,2 min manat məbləğində mal-materialın isə uçotsuz, yəni sənədsiz olduğunu müəyyən edib. Həyata keçirilmiş yoxlamalar nəticəsində dövlət büdcəsindən yayındırılmış 1,916 mln. manat məbləğində əlavə dəyər vergisinin (ƏDV) vergi bəyannamələrində bərpa edilməsi üçün müvafiq tədbirlər görülüb.

Nazirlik xəbərdarlıq edib ki, maliyyə sanksiyalarına və cərimələrə məruz qalmamaq üçün vergi ödəyiciləri şəffaf vergi uçotunun qurulması, malların (işlərin, xidmətlərin) alışı və satışının qanunvericiliyin tələblərinə uyğun rəsmiləşdirilməsi və "Nağdsız hesablaşmalar haqqında” qanunun tələblərinə ciddi əməl edilməsini təmin etməlidirlər. 
 
BAKU.WS