SİZİN REKLAM BURADA!
055 213 76 73


Salam, əsgər... bağışla ki, səni müqəddəs borcundan bir neçə dəqiqəlik ayırıram. Məktubun var! Mən sənin yuxusuz anan, bəlkə də, xəbər gözləyən qızın, bəlkə, elə həyəcanlı bacınam... bəlkə də, səhərlərə qədər gözünə yuxu getməyən sevdiyin qadın!

Bağışla ki, yanında deyiləm, səndən km-lərlə uzaqda, bir səs, bir söz qədərsə yaxınındayam. İndi sən dünyanın ən xoşbəxt əsgərisən. O doğma, müqəddəs torpaqların üstündə yeriyə bilirsən. Gör bir neçə ana, ata o torpaqları yenidən görə bilmək həsrətilə bu dünyadan köçdü. İndi sən Zəngilanda Arazdan su götürüb çay içirsən. İndi sən Qafqazın mirvarisi Şuşada barıt qoxulu havanı ciyərlərinə çəkib xarı bülbül dərirsən... Halbuki bütün bunlar dünənə qədər bizim sadəcə xəyalımız idi... Çox sağ ol, əsgər! O xəyallarımızı bizə gerçək duyğularla əlçatan edib yaşatdığın üçün!

“Hər şey qaydasındadır” desən də, nə gizlədim, səndən çox narahatam! Bəlkə də, günlərdir yorğunsan, yuxusuzsan, ayaqların ayaqqabılarının içində şişib, əsəbisən... Gərginliyin ən dibdədir... Amma Vətənə qayıtmaq hədəflərin o qədər sürətli və dəqiqdir ki, burada səninlə hər an fəxr edirik! "Qürurumuzsan" deyirik... Sən indi arxa cəbhədə hər kəsin yenilməz qəhrəmanlıq rəmzisən! Sən bizim oyanışımız, sən bizim dirilişimizsən! Fədakarlığından güc alıb yumruq olmuşuq. Sən indi bizim istinad yerimizsən!

Sənin ölüm-dirim savaşının fonunda indi bizim çəkilməz problemlərimiz, gündəlik qayğılarımız da kiçilib, əhəmiyyətsiz olub. Necə mənasız şeylər uğruna bir-birimizi didirmişik, ilahi! Bunun da fərqinə varmışıq! Bəlkə də, az öncə o bir qarış torpaq uğruna yaxın dostunu itirmisən. Sözlər də yaşantılarını ifadə etməkdə acizdir indi. Ölümlə savaşan əsgər, bəlkə, yaşın da yaşımızdan azdır. Bəlkə, məktəbdə dərslərini də yaxşı oxumamısan... Amma indi sən bizə əsl insanlıq dərsi keçirsən!

Əlimizə tikan batanda canımız ağrıyır. Bir də sənin canına batan qəlpələri düşünürəm... Hər düyünlənən kəlmədə, gözümüzdən süzülən hər yaş damlasında o qəlpələr bizim də ürəyimizə batır! Bağışla ki, yaralarını sarıyıb, ağrılarını susdura bilmirəm! Bağışla ki, yanında deyiləm!

Bizim də taleyimizə müharibə uşaqları olaraq doğulmaq düşmüşdü! İgid əsgər, sən o taleni dəyişdin... Gələcək nəsillər sənin adın verilmiş o küçələrdən keçəndə bu tarix ilə fəxr edəcək! Şərəfinə ucaldılan heykəlin qarşısında dayanıb baş əyəndə necə möhkəm bir xalq olduğumuzu bir daha anlamış olacağıq. Çox sağ ol, əsgər! Bütün ömrümüz boyu sənə, səni böyüdən anaya minnətdarıq!

Yeganə Cansail
BAKU.WS