SİZİN REKLAM BURADA!
055 213 76 73


Hər bir ölkənin silah arsenalında Hava Hücumundan Müdafiə sistemləri xüsusi yer tutur. Belə ki, ehtimal edilən mümkün hücumdan (iri iqtisadi şəhərlərinə, aerodromlarına, su və istilik elektrik stansiyalarına, su bəndlərinə, hərbi və digər mühüm strateji obyektlərinə) qorunmaq üçün güclü və müasir tələblərə cavab verən RƏM sistemlərinə malik olmaq olduqca vacibdir.

BAKU.WS xəbər verir ki, hazırda dünya ölkələri hava hücumundan qorunmaq üçün bir neçə RƏM sistemini arsenalına daxil edir.

Hava Hücum Vasitələri inkişaf etdikcə, Havadan Müdafiə Sistemləri də inkişaf edir. Müasir və etibarlı müdafiə kompleksləri hesab olunan RƏM sistemlərini təqdim edirik:

S-400 Triumf (NATO kod adı: "SA-21 Growler") və ya digər adı ilə S-300 PMU-3 Rusiyanın Almaz Mərkəzi Dizayn Bürosu tərəfindən istehsal olunan zenit raket kompleksidir. Bu sistem 2007-ci ildən bəri Rusiya Silahlı Qüvvələrinin silahlanmasında yer alır. S-400 sistemlərində dörd növ raketdən istifadə olunur: çox uzun mənzilli 40N6 (400 km), uzun mənzilli 48N6 (250 km), orta mənzilli 9M96 (120 km) və qısa mənzilli 9M96E (40 km) raketləri. S-400 hazırda mövcud olan hava hücumundan müdafiə (HHM) sistemləri arasında ən yaxşılardan biri hesab olunur.

Qərb analitiklərinin fikrincə, S-400 zenit-raket kompleksi "İskəndər" OTRK və Bastion sinifli sahil gəmi əleyhinə raket kompleksləri kimi sistemlərlə yanaşı Qərbdə "Giriş Qadağa Zonası" (A2/AD) kimi məlum olan Rusiyanın yeni konsepsiyasında əsas rolu oynayır. Rusiya Müdafiə Nazirliyi S-500 "Prometey” zenit-raket komleksi ilə təmin olunmağa başlayıb.

Dəmir Qübbə (ivritcə: kippat barzel) İsrail tərəfindən istehsal olunmuş istənilən hava şəraitində işləməyi bacaran qısa məsafəli hava hücumundan müdafiə sistemidir. Bu sistem istənilən ərazini 4 kilometrdən 70 kilometrə qədər məsafədən atılan qısa-məsafəli raketlərdən və ya artilleriya atəşindən qorumaq imkanına malikdir. İsrail gələcəkdə bu sistemlərin maksimum atəş məsafəsini 70 kilometrdən 250 kilometrə qədər artırmağı planlaşdırır.

İsrail Dəmir Qübbə sistemini ilk dəfə 27 mart 2011-ci ildə Beer-Şeva şəhərində yerləşdirib. Bu sistem ilk dəfə 7 aprel 2011-ci ildə Qəzzadan atılan Qrad raketlərini vurub. 10 mart 2012-ci ildə ''Yerusəlim Post''da yer alan məlumata əsasən, Dəmir Qübbə Qəzza zolağından əhalinin sıx məskunlaşdığı ərazilərə atılan raketlərin 90%-ni zərərsizləşdirə bilib. 2012-ci ilin noyabrında verilən rəsmi məlumata görə, sistem 4 gün ərzində Qəzza ərazisindən buraxılan 400-dən çox raketi zərərsizləşdirməyə müvəffəq olub.

MIM-104 Patriot - ABŞ Ordusu və bir neçə başqa müttəfiq ölkə tərəfindən istifadə olunan əsas zenit-raket kompleksidir. Bu hava hücumundan müdafiə sistemi ABŞ-ın əsas müdafiə sənayesi şirkətlərindən biri olan Raytheon tərəfindən istehsal olunur. Patriot sistemi özündən əvvəl ABŞ Ordusunun silahlanmasında olan orta-uzun mənzilli MIM-14 Nike-Hercules və orta mənzilli taktiki hava hücumundan müdafiə sistemi olan MIM-23 Hawk komplekslərini əvəz edib.

Bütün bunlara əlavə olaraq, Patriot sisteminin əsas vəzifələrindən biri kimi anti-ballistik raket funksiyası da əlavə olunub. Bu HHM kompleksinin ən azı 2040-cı ilə qədər silahlanmada qalacağı gözlənilir. Patriot kompleksi inkişaf etdirilmiş raket və yüksək göstəricilərə malik radar sistemi ilə təchiz olunub.

Orxan Hüseyn
BAKU.WS