SİZİN REKLAM BURADA!
055 213 76 73


"Azərbaycan ordusu cənub istiqamətində 18-ci motoatıcı diviziyanın 1-ci eşalon bölmələrinin hamısını darmadağın edərək cənub istiqamətində əsas vəzifəsini yerinə yetirməkdə davam edir. Zəngilan bölgəsi ona görə önəm kəsb edir ki, bu rayonun azad olunması iki ölkə ilə sərhədlərin bərpa olunması anlamına gəlir. Cənubda Horadizdən Mincivan da daxil olmaqla, İran İslam Respublikası ilə təxminən 120 km-lik ərazidə dövlət sərhədinin Araz çayı boyunca bərpa olunması deməkdir".

BAKU.WS xəbər verir ki, bu sözləri ehtiyatda olan polkovnik-leytenant, hərbi ekspert Elxan Şıxəliyev bildirib.

Hərbi ekspert əlavə edib ki, digər tərəfdən Mincivan qəsəbəsindən sonra Ermənistanın dövlət sərhədinə qədər məsafa 8 km-ə yaxındır:

"Cənub istiqamətindəki bölmələrimiz bu əraziləri işğalçılardan tam azad edəndən sonra missiyanı Qubadlı istiqamətinə yönəldəcək. Zəngilan bölgəsinin digər əhəmiyyəti ondan ibarətdir ki, Ermənistandan bu rayona iki böyük təminat yolu daxil olurdu. Bunlardan birincisi Cermuk-Meqri-Zəngilan, digəri isə Gorus-Zəngilan təminat yolu idi. Bu bölgədə əməliyyatların gedişatını bir nömrəli həll edən məsələ təminat yollarının kimin nəzarətində olmasıdır.

Ermənistan işğalçı qüvvələrinin Gorus bölgəsində ehtiyatda olan 1-ci ordu korpusu deyilən əməliyyat korpusu var. Onlar nəzərdə tuturdu ki, tərkibindəki 3 alayla Azərbaycan Silahlı Qüvvələri azadetmə əməliyyatına başlayanda həmin bu yollarla 3 alayı ərazilərə gətirərək geri çəkilən və qaçan qüvvələrinin qarşısını kəsəcək, onları dayandıracaq və kömək edəcəklər. Müharibənin gedişatı göstərdi ki, onlar buna nail ola bilmədilər.

Azərbaycan Silahlı Qüvvələri vaxtından əvvəl təminat yollarını ələ keçirərək cənub istiqamətində azadetmə missiyasının 80 faizini yerinə yetirmiş olublar. Bölmələrimizin növbəti mərhələdə hədəfi Qubadlı və Laçın dəhlizinə qapının açılmasını təmin etmək olacaq. Bu dəhlizi azad etməklə cənub istiqamətində missiya tamamlanmış olacaq".

Orxan Hüseyn
BAKU.WS