VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

OPEC+ ölkələrindən 6-sı - Səudiyyə Ərəbistanı, Küveyt, Oman, Bəhreyn, Əlcəzair və Malayziya neft hasilatının azaldılmasına dair razılaşmaya tam əməl edir.

BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə OPEC+ nazirlərinin Monitorinq Komitəsi üçün hazırlanmış məruzədə bildirilir.

Xatırladaq ki, Komitənin dünənki iclasında çıxış etmiş Səudiyyə Ərəbistanı və Rusiyanın enerji nazirləri Əbdüləziz bin Salman və Aleksandr Novak neft bazarında vəziyyətin hələ də həssas olduğunu və razılaşmaya tam əmək etməyin vacibliyini dilə gətiriblər. Səudiyyəli nazir həmçinin öhdəliklərini əksik icra edən ölkələrin ilin sonuna qədər bunun əvəzini çıxacaqlarına ümidvar olduğunu bildirib. Məruzəyə görə, bu ölkələr gündəlik hasilatın ixtisarına dair öhdəliklərini məcmu olaraq 2,33 milyon barel “kəsir”lə yerinə yetiriblər. Həmin ölkələr arasında “lider”liyə yiyələnən İraq isə razılaşma müddəti boyu kvotasından artıq - gündəlik 578 min barel neft istehsal edib. Sonrakı yerlərdə 226 min barellə Nigeriya və Qabon, 167 min barellə Konqo, 132 min barellə Birləşmiş Ərəb Əmirlikləri, 95 min barelə Anqola, 38 min barellə Ekuatorial Qvineya, qeyri-OPEC ölkələrindən isə 430 min barellə Rusiya, 246 min barellə Cənubi Sudan, 147 min barellə Qazaxıstan, 22 min barellə Brunei, 14 min barellə Azərbaycan, 8 min barellə Sudan qərarlaşıb.

Xatırladaq ki, OPEC+ formatı çərçivəsində mayın 1-dən qüvvəyə minən yeni razılaşmaya əsasən iştirakçı ölkələr may – iyul ayları ərzində gündəlik hasilatı 9,7 milyon barel, avqust – dekabr ayları ərzində 7,7 milyon barel, 2021-ci ilin yanvar ayından 2022-ci ilin aprel ayının sonunadək isə 5,8 milyon barel azaltmalıdır. Hasilat ixtisarının istinad nöqtəsi 2018-ci ilin oktyabr ayı səviyyəsi, ən böyük istehsalçı ölkə olan Səudiyyə Ərəbistanı və Rusiya üçün isə gündəlik 11 milyon barel qəbul edilib.

Həmçinin yeni razılaşmada əvəzçilik mexanizmi də nəzərdə tutulub. Yəni neft hasilatının ixtisarına dair öhdəliklərini nöqsanlı icra edən ölkələr bunun əvəzini ilin sonuna qədər çıxmalıdır.

BAKU.WS