SİZİN REKLAM BURADA!
055 213 76 73


İşğalçı Ermənistan ordusu Dağlıq Qarabağda mövqelərini itirməkdə davam edir. Azərbaycan Ordusunun əks həmlələri nəticəsində işğal altında olan ərazilər hər gün azad olunur, düşmənin hərbi texnikaları və canlı qüvvəsi məhv edilir.

BAKU.WS xəbər verir ki, Ermənistanın Müdafiə Nazirliyi ölən əsgərlərinin sayının 710 nəfər olduğunu təsdiqləsə də, real rəqəmlər göstəriləndən dəfələrlə çoxdur. İşğal altındakı Xankəndidə ermənilərin Rusiya KİV-nə müsahibəsi zamanı minlərlə hərbçinin öldüyü öz təsdiqini tapıb.

Bu günlərdə Ermənistan rəhbərliyi ordu sıralarında yaranan əsgər çatışmazlığını aradan qaldırmaq üçün qadınların xidmətindən istifadə etməyə başlayıb. Ermənistan Müdafiə Nazirliyinin nümayəndəsi Artsrun Ovannisyan da təsdiqləyib ki, artıq qadınlardan ibarət 100 nəfərlik batalyon yaradılıb.

Qeyd edək ki, işğalçı ordunun qadınlardan ibarət batalyon yaratması Ermənistanın düşdüyü vəziyyəti açıq şəkildə ortaya qoyub. Erməni gənclər arasında ordudan yayınmaq halları, ön xətdə ölməmək üçün zabitlərlə əlbəyaxaya çıxmaq görüntüləri və nəhayət işğalçı ordunun əksər hərbi texnika, RƏM sistemi, silah-sursat anbarlarının məhv edilməsi İrəvanın məğlubiyyətinin bariz nümunəsidir.

Azərbaycana Fransa və Rusiya vasitəsilə təzyiq göstərmək istəyən, bununla da atəşkəs arzusunda olan Nikol Paşinyan Ermənistan ordusunun ön xətdə Azərbaycan hərbçiləri qarşısında məğlubiyyətini yaxşı başa düşür. Hakimiyyətini itirməmək və Ermənistanın məğlub və rüsvay olmuş baş naziri olmaq istəməyən Paşinyan məhz buna görə qadınları belə ordu sıralarına qatmaqla nə isə dəyişiklik etməyi arzulayır.

Orxan Hüseyn
BAKU.WS