SİZİN REKLAM BURADA!
055 213 76 73


"Erməni vandalları sentyabrın 27-dən bu günə kimi Azərbaycanın təkcə hərbi məntəqələrini deyil, həm də mülki əhalini hədəfə alırlar. Son zamanlar səngərdə uduzduqlarını gördükcə mülki əhalimizə qarşı daha çox təxribatlar törədirlər".

Bu sözləri Tərtərdə qəbiristanlığın atəşə tutulması ilə bağlı BAKU.WS-ə açıqlamasında millət vəkili Cavid Osmanov bildirib.

Onun sözlərinə görə, sanki Xocalıdan sonra Azərbaycana qarşı ikinci dəfə soyqırım həyata keçirirlər: "Baş verən bu hücum erməni varvarlığının bariz nümunəsidir. Tərtər bu günə kimi hər gün, demək olar ki, hücuma məruz qalır, mülki əhalisi hədəfə alınır.

Təkcə Tərtər yox, Gəncə, Ağcabədi, Goranboy və digər yaşayış məntəqələrimizi nümunə göstərə bilərik ki, daim hücuma məruz qalırlar. Bu gün ermənilər növbəti vandallıqlarını nümayiş etdirdilər. Cəbhə bölgəsində həyatını itirən şəhidimizin dəfnində iştirak edən mülki əhalini hədəfə alan ermənilər əslində növbəti hərbi cinayətlərini törədiblər.

Bu, vandallığın ən pik həddidir. Baş cinayətlər Ermənistanın hərbi, siyasi rəhbərliyinin üzərinə düşür. Təbii ki, ermənilərin bu vəhşiliyi cavabsız qalmır. Ali Baş Komandanın da qeyd etdiyi kimi, heç bir şəhidimizin qanı yerdə qalmır və qalmayacaq. Azərbaycan ordusu bütün bu təxribatların qarşısını almaqda davam edir. Dünən də biz gördük ki, 8 yaşayış məntəqəsi düşmən tapdağı altından azad olundu.

Bu gün Ermənistanın hərbi, siyasi rəhbərliyi məğlubiyyətə düçar olduğunu açıq-aşkar gördüyündən mülki əhalimizi hədəfə almaqda davam edir. Beynəlxalq ictimaiyyət artıq ermənilərin mahiyyətini gördü, bəşər tarixinin ən azğınlaşmış şəxsləri, terrorçu və vandal olduqlarının şahidi oldu".

Qeyd edək ki, Ermənistanın silahlı qüvvələri 10 oktyabr 2020-ci il tarixdə saat 12:00-dan etibarən elan edilmiş humanitar atəşkəs rejiminin tələblərini, o cümlədən 1949-cu il tarixli Cenevrə Konvensiyalarının əsas norma və prinsiplərini kobud şəkildə pozmaqla dinc mülki əhalimizə qarşı cinayət əməllərini törətməkdə davam edir.

Bu gün saat 13 radələrində düşmən tərəfin silahlı birləşmələri tərəfindən Tərtər şəhər qəbiristanlığının dəfn mərasimi keçirilərkən qəsdən ağır artilleriyadan intensiv atəşə tutub. Nəticədə həmin zaman orada olan şəhər sakinləri 1989-cu il təvəllüdlü Orucov Pərviz Novruz oğlu, 1962-ci il təvəllüdlü Rüstəmov Vasif Bahadur oğlu və 1988-ci il təvəllüdlü Zamanov Şakir Xasay oğlu həlak olmuş, Məmmədov Fizuli Əli oğlu, Əmirov İsgəndər Yelmar oğlu, Allahverdiyev Elsevər Vəli oğlu, Əmirov Nofəl Yelmar oğlu və Qəzənfərli Rəfael Qəzənfər oğlu isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər.

Orxan Hüseyn
BAKU.WS