SİZİN REKLAM BURADA!
055 213 76 73


Ermənistanın Azərbaycana qarşı apardığı işğalçı müharibə davam edir. Həmişə olduğu kimi yenə də ermənilər və dünya ermənipərəstləri xalqımıza qarşı yalan, böhtan dolu informasiya kampaniyası da aparır. Əvvəlki illərdən fərqli olaraq indi bu yalanlar ayaq tutub yerimir. Çünki Azərbaycanın bütün dünyaya açıq olması, beynəlxalq təşkilatlarda fəallığı, beynəlxalq siyasi, iqtisadi, mədəni və idman tədbirlərinə ev sahibliyi haqqımızda daha düzgün və obyektiv təsəvvürün yaranmasına imkan verib.

BAKU.WS xəbər verir ki, bunu Trend-ə Milli Məclisin Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev deyib.

Komitə sədri bildirib ki, eyni zamanda Prezident İlham Əliyevin dünyanın aparıcı mətbuatlarına verdiyi müsahibələrdə Azərbaycanın tarixi, mədəniyyəti, xarici və daxili siyasəti, iqtisadi inkişafı ilə bağlı səmimi söhbətləri də öz işini görmüş və görməkdədir:

“Ermənistanın 27 sentyabrda Azərbaycana qarşı yeni hərbi əməliyyatları və ordumuzun əks-hücumu ilə bağlı yaranmış vəziyyət haqqında faktlarla, dəqiq, məntiqi ardıcıllıqla cənab Prezidentin beynəlxalq ictimaiyyəti məlumatlandırması Azərbaycanın ədalətli mövqedə olduğunu bir daha bütün dünyaya çatdırdı.

Bir məsələni isə xüsusi olaraq vurğulamaq istərdim. Son vaxtlar xarici ölkələrin aparıcı televiziyaları Azərbaycan və Ermənistan dövlət başçılarından eyni vaxtda eyni mövzuda müsahibələr yayımlamağa və bununla da obyektiv mövqe tutduqlarını göstərməyə çalışırlar.

Baxmayaraq ki, onların bəziləri heç də sona qədər bu prinsipə əməl etmir, öz auditoriyalarını ermənilərin və ermənipərəst qərəzli “ekspertlər”in ixtiyarına verirlər. Bütün bunlara rəğmən Prezident İlham Əliyevin müsahibələri hamı tərəfindən böyük hörmətlə qarşılanır. Çünki cənab Prezident verilən suallara cavab verərkən, hətta onların bəzən qərəzli olmasına belə fikir vermədən, təmkinlə, məntiqlə, faktlarla baş verənləri şərh edir və özünün obyektiv mövqeyini ortaya qoyur.

Ermənistanın baş naziri Nikol Paşinyanın isə hıqqıldaya-hıqqıldaya, kəkələyə-kəkələyə səsləndirdiyi məntiqi bağlılığı olmayan mənasız cümlələri, yalan danışması, isterik davranışı onu tez-tez çıxılmaz vəziyyətə salır. Paşinyanın siyasi cahilliyi onu gülüş obyektinə çevirir. Əlbəttə, bütün dünyada tamaşaçılar bu müsahibələri müqayisə edəndə Azərbaycana rəğbətləri daha da artır".

B.Əliyev əlavə edib ki, Prezident İlham Əliyev öz həmsöhbətini ilk növbədə yüksək mədəniyyəti, sağlam və məntiqi düşüncəsi, ciddiliyi və səmimiyyəti ilə inandırmağı bacarır:

"Onun səsləndirdiyi heç bir fakt indiyə qədər heç kim tərəfindən təkzib edilməyib, əksinə, rəğbətlə, hörmətlə qarşılanıb. Onun haqlı olduğunu hamı bilir. Çünki Prezident İlham Əliyev sözü ilə əməli bir olan dünya miqyaslı siyasi liderdir. Bütün bunlar bir daha göstərir ki, İlham Əliyev qədim dövlətçilik ənənəsi olan bir dövlətə rəhbərlik edir.

Azərbaycan xalqının sonsuz məhəbbətini və etimadını qazanmış, güclü müstəqil siyasətlə müstəqil dövləti möhkəmləndirən Prezident İlham Əliyevin münaqişənin həlli ilə bağlı təkliflərini Minsk Qrupu nə qədər tez qəbul etsə, münaqişə də bir o qədər tez həll edilər. Əgər eşidilməsə, möhtərəm Prezident bu problemi Azərbaycan xalqı ilə birlikdə heç kimin köməyi olmadan həll edəcək! Buna heç kimin şübhəsi olmasın!”

BAKU.WS